Əsas Səhifə > Güney Press > “Mehriban düşmən”lər yollarını ayırır?
“Mehriban düşmən”lər yollarını ayırır?Bu gün, 12:55 |
İranın Ermənistandakı səfiri Mehdi Sübhani diqqətçəkən açıqlama verib. O, Rusiya ilə İranın Cənubi Qafqazdakı maraqlarının fərqli olduğunu deyib: "Biz müttəfiq deyilik. Aramızda bəzi fərqlər var və ortaq maraqlarımız mövcuddur. Amma bu, müttəfiq olduğumuz anlamına gəlmir". Bu, İran tərəfinin ilk anti-Rusiya bəyanatı deyil. Maraqlıdır, Rusiya ilə İran yollarını ayırır? Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında "dövlətlərin daimi müttəfiqləri olmur, daimi maraqlı olur" deyimini xatırladıb: "İran da regionda öz maraqlarından çıxış edir. ABŞ və Qərblə münasibətləri gərginləşəndə Rusiya ilə birlikdə olur, fərqli situasiyalarda isə Kremldən üz çevirir. Ola bilsin ki, Məsud Pezeşkianın Prezident seçilməsindən sonra Qərblə də münasibətləri nizamlamağa çalışırlar. Hətta nüvə proqramı ilə bağlı da Avropada daha yumşaq səviyyədə danışıqlar apara biləcəklərini deyirlər. İran üçün bu gün əsas məsələ iqtisadi münasibətlərin bərpası və sanksiyaların yumşaldılmasıdır". Həmsöhbətimiz vurğulayıb ki, Rusiya-İran münasibətlərində diktə edən tərəf Moskvadır: "İran həm iqtisadi, həm də siyasi baxımından Rusiyadan çox asılıdır. Görünən və görünməyən əlaqələri var. Tərəflər arasında yaxın zamanda Zəngəzur dəhlizi ilə bağlı da ziddiyyət yaranmışdı. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəsə də, İran bunu əleyhinədir. Hətta bu aspektdə maraqlarının üst-üstə düşmədiyinə dair bəyanatlar verilib". O bildirib ki, İran gah Rusiyaya qarşı sərt mövqe ortaya qoyur, gah da belə mesajlar verir: "Yəni, Rusiya ilə münasibətlərini dəyərləndirməyə çalışır. Lakin Kreml Tehranla münasibətlərinə ciddi izah gətirmir. Çünki Rusiya çoxsahəli siyasətlə məşğuldur. Görünən odur ki, İranın son bəyanatlarına da ciddi əhəmiyyət vermirlər. Rusiya regionda Türkiyə və İranla münasibətləri atom layihələri üzərində qurmağa çalışır. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı olaraq bölgədə vəziyyət dəyişir. Məsələn, Rusiya və İranın mövqeyi Yaxın Şərqdə üst-üstə düşdü. Lakin bundan sonra necə olacağı bəlli deyil. Çünki iki ölkənin də yanaşması fərqlidir". Partiya sədri İranla Rusiyanın yollarını ayıracağını inandırıcı hesab etmir: "Bir çox ortaq məsələləri var. İki ölkənin bir araya gələ biləcəyi müəyyən platformalar da mövcuddur. Xüsusən də Qərbə qarşı birlikdə hərəkət etməyə məcburdurlar. Ona görə də İranla Rusiyanın yollarını ayıracağını demək mümkün deyil. Ümumiyyətlə, İran Rusiyanın orbitindən ayrılsa, tamamilə təcrid olunar. Üstəlik, münasibətlərdə Tehran daha çox maraqlıdır. İndiki vəziyyətdə Rusiya ilə İran bir-birinə ehtiyac duyur. Yollarını ayırmaları üçün də ciddi əsas yoxdur". Geri qayıt |