Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi ilə bağlı yenilik:
Zəngəzur dəhlizi ilə bağlı yenilik:Bu gün, 16:07 |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil. Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır. Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Zəngəzur dəhlizi açılmalıdır: “Ən pis halda dəhliz açılmalı, Rusiya hərbiçiləri dəhlizin təhlükəsizliyinə nəzarət etməlidir. Bu 10 noyabr bəyanatında qeyd olunub. Bu ən pis halda bizim üçün məqbul variant ola bilər. Ermənistan həmin əraziyə nəzarət etsə, bu problemləri həll etmədiyi kimi gec-tez yenidən gərginliyin yaranmasına səbəb olacaq. Digər tərəfdən bu 10 noyabr bəyanatına da zidd olacaq. Belə olan təqdirdə hansısa bir dəhlizdən ya da sərbəst keçiddən danışmaq olmaz. Heç bir Azərbaycan vətəndaşı Ermənistana, ermənilərə güvənib bu yoldan istifadə etməyəcək. Onların təhlükəsizliyinə ciddi problem yarana bilər. Ən məqbul razılıq 10 noyabr bəyanatında göstərildiyi kimidir. Paşinyan bunu nəzərdə tutarsa rəsmi Bakı buna uyğun addım ata bilər. Yox əgər Ermənistan istədiyi kimi olacaqsa bu bizim maraqlarımıza uyğun deyil”. Geri qayıt |