Əsas Səhifə > Güney Press > AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb

AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb


Bu gün, 13:49
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr”
beynəlxalq sərgisinin açılışı keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan
sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça
Muzeyinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılış mərasimində Azərbaycan
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, BMT-nin Cenevrədəki Ofisinin
Baş direktoru Tatyana Valovayanın müavini Lidiya Qrigoryeva, Meksikanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero,
Rusiya Federasiyası prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi,
“Abrau Durso” Azərbaycan şirkətlər qrupunun sahibi Boris Titov, North Park
Universitetinin professoru Nenna Okorenin kuratoru, 365 ART Qalereyasının
təsisçisi Olqa Daniele çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.
“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri,
Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan
xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər
nümayiş olunur. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və
televiziya aparıcısı Natalya Boçkaryovanın, North Park Universitetinin professoru
Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam,
“YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida
Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar
mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva,
Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli
internat məktəbinin şagirdlərinin müəllifi olduğu sənət nümunələri yer alır. Bunlar
şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif
tullantılardan hazırlanmış bir-birindən fərqli əsərlərdir.
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça
Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer
Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun
hanadan kəsimi mərasimi baş tutub. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin
Qadınlar Birliyi üzvlərinin ənənəvi toxuculuq üzrə ustad dərsi keçiriblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tərəfindən rəqs ifa
olunub.
Müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada
yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişmələrinə qarşı
mübarizəyə, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə yönəltmək
məqsədilə keçirilən sərgi noyabrın 30-dək davam edəcək.
Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz.

"DİA-AZ"

Geri qayıt