Əsas Səhifə > Güney Press > Rusiya da, Kiyevin müttəfiqləri də yorulub

Rusiya da, Kiyevin müttəfiqləri də yorulub


Bu gün, 11:17
Rusiya da, Kiyevin müttəfiqləri də yorulub
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüş üçün ilkin hazırlıqlar aparılır. Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mətbuat konfransı zamanı deyib. Sibiqa görüşün Trampın andiçmə mərasimindən əvvəl və ya sonra planlaşdırıldığını söyləməkdən imtina edib. Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell deyib ki, Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planı barədə danışması hələ tezdir. Onun sözlərinə görə, AB artıq Ukraynaya 122 milyard avro yardım edib ki, bu da Kiyevə verilən bütün dəstəyin təxminən 50 faizini təşkil edir. Borrell vurğulayıb ki, AB Ukraynaya kömək etməyə davam edəcək. NATO Baş katibi Mark Rutte deyib ki, Ukrayna hazırda Rusiya cəbhəsində uduzur. Onun sözlərinə görə, indi qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə əmin olmalıdırlar ki, Ukraynaya hərbi yardım axını davam edəcək və onu ərazilərini itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və yenidən ərazilərini geri almaq mövqeyinə qaytaracaq.

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, ABŞ prezidentləri adətən namizəd olduqları vaxt verdikləri bəyanatların əksər hissəsini fəaliyyətə başladıqları vaxt asanlıqla unudurlar. Analitikin sözlərinə görə, Tramp proqnozlaşdırılması çətin olan liderlərdəndir:

"Onun kimi adamların nəyi edib, nəyi etməyəcəyi çox da bəlli olmaz. Amma bir şey aydındır ki, ABŞ-nin maraqları istənilən halda qorunacaq. Düşünürəm ki, Ukrayna məsələsində də Trampın fəaliyyəti heç də Rusiyanın deyil, məhz Vaşinqtonun strateji maraqlarına xidmət edəcək. Müharibədən həm Rusiya, həm də Kiyevin müttəfiqləri yorulub. Trampın müharibəni dayandırmaqla bağlı çağırışları hər iki tərəfi qane edir. Trampın ilk olaraq Zelenski ilə danışması və Kiyevə yönəlik isti mesajları isə onu deməyə əsas verir ki, ABŞ Ukraynanı heç bir halda tək buraxmayacaq və Rusiyaya dirçəlmək fürsəti verməyəcək".

Geri qayıt