Əsas Səhifə > Güney Press, Partiya > "Bu çirkin kampaniyalar hər zamankı kimi puç oldu..."
"Bu çirkin kampaniyalar hər zamankı kimi puç oldu..."14-11-2024, 09:47 |
“Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq müstəvidə artan rolunun göstəricisi və ölkəmizin fəaliyyətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək dəyərdir”. Bunu İqtisadiyyat.az-a Milli Məclisin deputatı Afət Həsənova deyib. O bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli yollarının tapılmasına mühüm töhfə vermiş olur: “Bu gün iqlim dəyişikliyi problemlərinin aradan qaldırılması üçün maliyyə məsələlərinin həll edilməsi xüsusi aktuallıq kəsb edir. COP29-un əsas mövzularından biri də məhz maliyyə məsələləri ilə bağlıdır. Bu məsələni gündəliyə daxil etməklə Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına mühüm töhfə verir və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin qurulmasına imkanlar yaradır. Azərbaycanın bu fəaliyyəti COP29 iştirakçıları tərəfindən də yüksək qiymətləndirilir”. A.Həsənova vurğulayıb ki, Azərbaycan bu gün qlobal müstəvidə vüsət alan və ekoloji sağlamlaşmanı özündə ehtiva edn yaşıl enerjinin inkişafına xüsusi diqqət yetirir: “Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir və ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadəsinə böyük diqqət yetirilir. Son illərdə Azərbaycanda bərpaolunan enerjiyə böyük investisiyalar yatırılır və eyni zamanda, bu sahədə geniş investisiya imkanları mövcuddur. Belə ki, bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı təqribən 150 min meqavat təşkil edir. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir”. Deputat söyləyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra ölkəmizə qarşı başldılan qarayaxma kampaniyası digər kampaniyalar kimi iflasa uğradı: “Ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr bu dəfə də fəallaşdılar və ölkəmizə qarşı qarayaxma kampaniyasına başladılar. Müxtəlif dairələrin, o cümlədən erməni lobbisinin əlində alətə çevrilən bəzi beynəlxalq təşkilatlar da bu kampaniyaya qoşuldular. Lakin göründüyü kimi bu çirkin kampaniyalar hər zamankı kimi puç oldu və onların xayin planları baş tutmadı. Bu gün COP29 Azərbaycan yüksək səviyyədə keçirilir və ölkəmizdə olan qonaqlar bu tədbirin keçirilməsinə görə Azərbaycana təşəkkürlərini bildirirlər”. Geri qayıt |