Əsas Səhifə > Güney Press > Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam

Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam


13-11-2024, 23:24
Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam
“Donald Trampın yeni kabinetinin formalaşmasından sonra biz onun xarici siyasət istiqamətində əsas konturlarını getdikcə müəyyən edə bilərik”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı deyib.

Onun sözlərinə görə, Trampın yeni kabinetində olan şəxslərin hər birinin ortaq cəhəti onların İrana və Çinə qarşı sərt mövqeyidir:

“NATO və Rusiya mövzularında fikir ayrılıqları və ya baxış fərqlilikləri olmasına baxmayaraq Çinin əsas təhdid olması, Asiya-Sakit okean regionuna fokuslanmaq mövzusunda kadrlar eyni düşüncədədir. Digər tərəfdən Trampın yeni komandası tamamilə İsrail yönümlüdür. Burada xüsusilə Dövlət Katibi, BMT nümayəndəsi və Milli təhlükəsizlik üzrə müşavir olan şəxslər İsrailin yolunu tam açmaq hətta Qəzzada əməliyyatların böyüdülməsinə dəstəkdirlər.

Trampın yeni administrasiyasında buna qədər Azərbaycana qarşı sərt mövqedə olmuş Vivek Ramasvamy və Marko Rubionun da təyinatı Bakı-Vaşinqton münasibətlərini maraqlı, həyəcanlı edəcək. Yəqin ki, Azərbaycan tərəfi İsrail lobbisi vasitəsilə Trampla münasibətləri normallaşdırmağa çalışacaq.

Tramp yeni kabinetində iqtisadi olaraq Çinə qarşı rüsum tətbiq edəcək, siyasi olaraq Çini çevrələyəcək. Eyni zamanda Yaxın Şərqdə İrana qarşı sərt siyasət yeridəcək. Rusiyaya gəlincə, ortaq istiqamətlərdə əməkdaşlığa açıq, praqmatik münasibət quracaq. Lakin Rusiyanın iştahının çox qabarmasına da imkan verilməyəcək. Rubio təyinatı olarsa, hesab edirəm ki, ABŞ Latın Amerikasında daha fəal ola bilər və Rusiya ilə rəqabət apara bilər”.
Geri qayıt