Əsas Səhifə > Güney Press > Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində12-11-2024, 16:51 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verdi. Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib. Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var. “Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb. Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək. “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihələndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb. Sonra dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi. Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 50 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib. Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır. Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-ın “Portland” limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir. Onu da qeyd edək ki, bu səfərlə “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb. Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır. Geri qayıt |