Əsas Səhifə > Güney Press > “Kürd kartı” kimin “əlinə oynayır”?
“Kürd kartı” kimin “əlinə oynayır”?12-11-2024, 14:00 |
İsrail hökumətinin nazirlərindən biri, “Yeni Ümid” partiyasının lideri Gidion Saarın Yaxın Şərqdə kürd dövləti qurulması ilə bağlı son açıqlamaları siyasətçilərin diqqətini cəlb edib. İranın ali lideri Əli Xameneyinin İsrail əleyhinə koalisiya yaradılması çağırışları kontekstində bu təşəbbüsün reallaşması suallar yaradır. Saar İsrailin yalnız Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri ilə razılaşmalar imzalamalı deyil, həm də İran təhlükələrinə qarşı durmaq üçün kürdlərlə və druzlarla əlaqələrini gücləndirməsinin vacibliyini vurğulayıb. Bu açıqlama Yaxın Şərqdəki münaqişələrin istiqamətini dəyişdirmək cəhdi kimi qiymətləndirilib və İsrailin kürd faktorundan İran və digər qonşulara qarşı strateji bir vasitə kimi istifadə etməyi hədəflədiyini göstərir. Suriya kürdləri artıq uzun müddətdir ABŞ və İsrail tərəfindən dəstək alır. Bu dəstək xüsusilə 2016-cı ildən sonra öz idarəetmə sistemini elan etdikdən sonra özünü daha çox göstərir. Onların İsrail ilə əməkdaşlığı daha da bəlli hala gəldikcə, Türkiyə və İran üçün narahatlıq yaradır, çünki kürdlər potensial separatist qüvvələr kimi qiymətləndirilir. İsrailin kürdlərlə sıxlaşan əlaqələrinə cavab olaraq, Türkiyə Suriya kürdlərini öz tərəfinə çəkmək yollarını axtarmağa başlayıb. Bu cəhdlər uzun müddətdir həbsdə olan Kürdüstan İşçi Partiyasının ( terrorçu PKK) lideri Abdullah Öcalanla dialoqu da əhatə edir. PKK-nın ləğvi və zorakılığın, terrorun dayandırılması çağırışları həm hakimiyyət, həm də müxalifət tərəfindən dəstəklənir. Bugünlərdə MHP lideri Dövlət Baxçalı Öcalanı parlamentdə PKK-nın ləğvi və terror fəaliyyətinin dayandırılması üçün təşəbbüs göstərməyə çağırıb. Abdullah Öcalan Türkiyə hakimiyyətinin PKK-nı tərksilah etməyə çağırmaq təklifinə cavab verib. 1999-cu ildən İmralı həbsxanada ömürlük həbs cəzası çəkən Öcalan qardaşı oğlu Ömər Öcalanla görüşdə PKK-ya silahı yerə qoymağa çağırış etməyə razılaşıb. “Mən tarixi məsuliyyəti öz üzərimə götürməyə və təşkilatı silahlarını yerə qoymağa çağırmağa hazıram. Mən buradan tabutda ayrılmaq istəmirəm”,-deyə Öcalan bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının çağırışını dəstəkləyərək, “Biz birlikdə terrorsuz Türkiyə qurmaq istəyirik”,- deyib. İran isə İsrailin təşəbbüslərini təhlükə kimi qiymətləndirir. Rəsmi Tehran İsrail və kürdlərin qarşılıqlı əlaqəsinin yeni münaqişə ocaqları yaradacağı qənaətindədir . Kürd dövlətinin yaradılması və ya kürd təsirinin bölgədə əhəmiyyətli dərəcədə artması Yaxın Şərqdəki güc balansında ciddi dəyişikliklərə səbəb ola bilər. Kürdlərin mövqelərinin güclənməsi İran və Türkiyədə münaqişələrin gərginləşməsinə yol açaraq bölgədəki ümumi qeyri-sabitliyi artıra və eyni zamanda, İsrailin kürd hərəkatına dəstəyi digər xarici aktorlar tərəfindən mənfi reaksiya doğura bilər. Kürd əsilli türkiyəli araşdırmaçı Müfit Yüksəl İsrailin kürdlərdən öz geopolitik oyunlarında istifadə edə biləcəyinə dair xəbərdarlıq edir. Onun fikrincə, bu, genişmiqyaslı humanitar nəticələrə səbəb ola bilər. Onun fikrincə, indiki situasiya xarici güclərin müdaxiləsi nəticəsində dövlətlərin parçalanması və kütləvi qurbanlar verilməsi ilə nəticələnmiş Yuqoslaviyanı xatırladır: “Onların bütün planları bərpa edilməyəcək şəkildə qarışıq bir coğrafiya yaratmaqdır. Hal-hazırda missiya kürdləri İrana, türklərə və ərəblərə qarşı sionizmin əsgəri kimi döyüşdürməkdir". O qeyd edib ki, indi kürd diasporunu geniş miqyasda ələ keçiriblər: “İsrail öz planını gizlədərək, "Biz sizə İraqda bu dövləti verdik və onu Suriyada son mərhələyə gətirdik" deyir. Onun məqsədi kürdlərdən istifadə edərək, "İndi Türkiyəni və İranı parçalamaq vaxtıdır" deməkdir. Bu plan müəyyən dairədə kürdlər üçün effektivdir. Təl-Əvivin regional dizaynı ilə bağlı açıqlamadığı başqa bir problem isə milyonlarla insanın qətlə yetirilməsidir. Bizim yaşadığımız coğrafiyanı qanlı bir qırğına çevirməkdədirlər. Bu məqsədlə “Böyük Kürdüstan” və s. bu cür aldatma mexanizmlərindən istifadə olunur”. İsrailli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru Yuri Boçarov mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, 2017-ci ildə Baş nazir Benyamin Netanyahu ölkəsinin kürd xalqının öz milli dövlətini yaratmaq istəyini dəstəklədiyini bildirmişdi. O qeyd edib ki, İsrail 1960-cı ildən etibarən kürd qrupları ilə hərbi və iqtisadi əlaqələr saxlayır, bu etnik qrupu İran, Türkiyə, Suriya və İraqda ərəblərlə olan münasibətlərdə bir “tampon bölgə” olaraq görür: "Lakin son dövrlərdə İsrail mətbuatında kürdlərlə əlaqələrə dair xüsusi açıqlamalara rast gəlməmişəm. İsrailin öz problemləri kifayət qədərdir. Hal-hazırda İsrail Qəzza sektoru, Şimali Livan və İranla bağlı üç cəbhədə mübarizə aparır. Buna görə də İsrailin digər ölkələrlə, o cümlədən digər hərəkatlarla münasibətləri bir qədər arxa plana keçib”. Y. Boçarov bildirib ki, son illərdə İsrailin Türkiyə ilə münasibətlərinin kəskin pisləşməsinə və Prezident Ərdoğanın müharibə ritorikasına baxmayaraq, İsrail sərt cavablar verərək, bu məsələlərə sadəcə ictimai bəyanatlar şəklində yanaşır. O, əslində, İsrailin Türkiyə ilə münasibətləri tamamilə kəsmək istəmədiyini bildirib: “İsrail ümid edir ki, Terror təşkilatları HƏMAS və “Hizbullah” ilə münaqişələr bitdikdən, eləcə də İranla bağlı problemlərin dəyişməsi nəticəsində Türkiyə ilə münasibətləri bərpa edə biləcək. İsrailin bu gün Türkiyə obyektlərində hər hansı terror aktları həyata keçirəcəyi ehtimalı azdır. Hal-hazırda İsrailin əsas vəzifəsi Qəzza sektorundakı terror təşkilatlarını məhv etmək, eyni zamanda Şimal sərhədində, xüsusən də “Hizbullah”ın İsrail sərhədindən 30 kilometr dərinliyə çəkilməsi ilə bağlı 1701 saylı qətnamənin yerinə yetirilməsini təmin etməkdir. Bu, İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi başlıca məqsədlərdir. Eyni zamanda, qarşıda İran tərəfindən gələn təhlükənin aradan qaldırılması və İsrail ilə İran arasında davamlı zərbə mübadiləsinin yeni bir müharibəyə çevrilməsinin qarşısının alınması vəzifəsi də var. Beləliklə, İsrailin diqqəti yalnız öz təhlükəsizliyini və mövcudluğunu təmin etməyə yönəlib. Türkiyə ilə bağlı məsələlər ölkənin öz işidir və hazırda İsrailin bu məsələlərə müdaxilə etdiyi ehtimalı azdır”. Geri qayıt |