Əsas Səhifə > Güney Press > COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?
COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?11-11-2024, 17:32 |
Xəbər verdiyimiz kimi, bu gün ölkəmiz COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edir. COP29-un ölkəmizdə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların göstəricisidir. Bəs COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməklə dünyanın ekoloji problemlərinin həllində maraqlı olduğunu təsdiq edir. Deputat qeyd edib ki, Azərbaycanın tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır: “Bu gün Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibi olaraq Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək istəyini və qarşıya qoyduğu perspektivləri nümayiş etdirir. COP29 Azərbaycanın yox, bütün dünyanın ekoloji, iqlim dəyişmələri ilə bağlı artıq həyəcan təbili çalınan problemlərini müzakirə etmək üçün toplanır. İndiyədək 28 dəfə bu tədbir baş tutub, ancaq dünyanı xilas etmək üçün atılan addımların kifayət etmədiyi üzə çıxır. Azərbaycan uzun illərdir ki, “yaşıl enerji”nin tətbiqi sahəsində kifayət qədər irəliləyişlər əldə edib və bu istiqamətdə müxtəlif platformalarda fəaliyyətini, təbliğatını genişləndirib. Dünyanın bəzi olkələri bəşəriyyəti narahat edən iqlim dəyişmələrini həll etmək, təşəbbüskar ölkələrin fəaliyyətinə dəstək olmaq əvəzinə tədbirə siyasi don geyindirməyə çalışır, əsasən ona mane olmağa can atırlar. Burada həmin dövlətlərin maraqları var. İstəmirlər ki, Azərbaycan kimi nüfuzlu ölkənin beynəlxalq maraq kəsb edən təklifləri dəstək qazansın, həyata vəsiqə əldə etsin. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq həm də aqrar sektorun inkişafında, “yaşıl enerji”yə keçiddə uğurlar qazanıb". Deputat əlavə edib ki, Azərbaycan hökuməti, istixana qazı emissiyalarını 2030-cu ilədək 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq öhdəliyini götürüb: "Bu öhdəlik Paris Sazişinə (Paris Sazişi12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub) uyğun olaraq yerinə yetiriləcəkdir. COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və “yaşıl texnologiya”ların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək. Bütün bunlar ölkəmizin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və tədbirlərin həyata keçirilməsində maraqlı olmasından xəbər verir. Qətiyyətlə demək olar ki, COP29 konfransı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək”. Geri qayıt |