Əsas Səhifə > Güney Press > Bütün gözlər Azərbaycanda:

Bütün gözlər Azərbaycanda:


11-11-2024, 14:02
Bütün gözlər Azərbaycanda:
Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayıb.

Noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

Tədbirin əhəmiyyətini nəzərə alaraq bir çox dünya ölkələrinin dövlət başçıları, baş nazirləri, ictimai-siyasi xadimləri ölkəmizə səfər ediblər. COP29-un ölkəmizdə keçirilməsi nəinki dünya ictimaiyyəti, ziyalılarımız, millət vəkilləri tərəfindən yüksək qiymətləndirilir.

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"a bildirib ki, iqlim dəyişikliyinin yaratdığı problemlər, müharibələr, aclıq, münaqişələr bu gün bəşəriyyəti bir sıra çətinliklərlə üzləşdirib:

"Bu problemlərin həll edilməsi üçün ümumi məxrəcə gəlmək, yol axtarmaq dünya dövlətlərini düşündürən başlıca məsələlərdəndir. COP29-un keçirilməsi də məhz bu məqsədlərə xidmət edir. COP29 beynəlxalq əhəmiyyətli bir tədbirdir və 200 dövlətin ümumi razılığı ilə bu tədbirin Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzundan, Azərbaycan Prezidentinin düşünülmüş siyasətindən və ona göstərilən dəstəkdən xəbər verir.

Bu gün Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir və o tədbirlər zamanı göstərilən yüksək təşkilatçılıq, tədbirlərin səmərəli keçirilməsi COP29-un da Azərbaycanda keçirilməsinə bir imkan yaradıb.

Əlbəttə ki, bu tədbirdə gündəmdə olan məsələlər bəşəriyyətin gələcəyi üçün çox faydalıdır. Çünki iqlim dəyişiklikləri, istiləşmə prosesinin baş verməsi, yaşıllıqların məhvi, səhralaşma prosesinin getməsi və bunun nəticəsində çox ciddi ərzaq çatışmazlığının, aclığın meydana gəlməsi insanları düşündürməyə bilməz.

Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyətli bir məsələdir və Azərbaycanın gələcəyi üçün faydalıdır. İlk növbədə BMT-nin çox mühüm, əhəmiyyətli tədbiri olan COP29 dünyaya Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu bir daha təbliğ və təsdiq edəcək.

Digər tərəfdən dünyanın əksər ölkələrinin rəhbərləinin, ictimai-siyasi xadimlərinin, görkəmli şəxsiyyətlərinin Bakıda toplaşması və bəşəriyyət üçün əhəmiyyətli belə bir tədbirin gündəmə gətirilməsi Azərbaycanın demokratik təsisatlara, insan haqlarına, dünaynı düşündürən məsələlərə ciddi əhəmiyyət verdiyinin bir göstəricidir.

Həm də gələn qonaqlar Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı ilə yaxından tanış olacaq, işğaldan azad olunmuş ərazilərə səfər edəcək, oradakı tikinti abadlıq işlərinin şahidi olmaqla bərabər erməni vandallarının törətdikləri cinayətləri öz gözləri ilə görəcəklər.

Bu, Azərbaycanın dünyaya təbliğ olunması, tanıdılması baxımından vacibdir. COP29 həm də dünya ölkələri ilə Azərbaycanın əməkdaşlığının genişlənməsinə bir təkandır. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün çıxışlarında daimi olaraq bildirir ki, biz sülhün, əmin-amanlığın, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın tərəfdarıyıq.

Dünya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi iqtisadi, siyasi baxımdan vacibdir və ölkə rəhbərinin bu məsələyə böyük önəm verməsi Azərbaycanın gələcəyinə xidmət edir. COP29-da gündəmə gətirilən məsələlər tək Azərbaycan deyil, dünya ölkələri üçün sülhün, əmin-amanlığın, sabitliyin bərpası üçün önəmlidir.

Bu tədbirə ev sahibliyi etmək və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanı dünya ölkələri arasında demokratik, sivil, mədəni cəhətdən inkişaf edən bir dövlət kimi təqdim edəcək. Bu gün artıq COP29 öz işinə başlayır. Çox mühüm təşkilatçılıq işləri həyata keçirilib. Biz bundan qürur duyuruq. Əmin olduğumuzu bildiririk ki, bu tədbir də bir çox beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcək və Azərbaycanın şöhrətini bir daha artıracaq".

Geri qayıt