Əsas Səhifə > Güney Press > AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılacaq
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılacaq11-11-2024, 09:39 |
Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərginin açılışı keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir. “İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəri yer alacaq. Sərgidə həmçinin North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu, şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir- birindən fərqli sənət nümunələri yer alacaq. Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də baş tutatcaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər. Sərgi noyabrın 30-dək davam edəcək. Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz. "DİA-AZ" Geri qayıt |