Əsas Səhifə > Güney Press > 8 Noyabr - Şuşa Şəhəri Günüdür

8 Noyabr - Şuşa Şəhəri Günüdür


9-11-2024, 11:08
8 Noyabr - Şuşa Şəhəri Günüdür
Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini
işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz
uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək
düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın
qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa
şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq
noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı
ucaltdı.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa
şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd
olunur.
Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi
ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı
Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ
keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman
hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya
daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir
çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər.
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri
atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni
şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və
yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə
əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin,
inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi
torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin
bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda
mənəvi cəhətdən də dirçəlir.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün
əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz
yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin
Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim
şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-
siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə
saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib,
xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib.
Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd
etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə
bilməyib.
Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki,
Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək
mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə
heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da
qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq,
ürəklərində Vətən sevgisi”.
Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa
Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, Cıdır
düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalları keçirilir.
Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir,
bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış
komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa
məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının
bərpası görülən işlərin sadəcə bir neçəsidir.
Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu
proses davam edir. Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət
paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı
2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib:
“Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada
doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri
bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz
bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi
tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük
diqqət cəlb edirdi”.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam
edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib
vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə
bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt