Əsas Səhifə > Güney Press, Partiya > "Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub"

"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub"


9-11-2024, 09:41
"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub"
“8 noyabr, sözün əsl mənasında müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış əlamətdar gündür. Çünki son 200 illik dönəmə nəzər salsaq və məsələyə retrospektiv yanaşsaq görərik ki, Azərbaycan bu illər ərzində, yənı iki əsr ərzində zaman-zaman böyük əraziyə malik olan bir dövlət olaraq, sonrakı mərhələdə müxtəlif haqsızlıqlara məruz qalmış və torpaqlarını itirmişdir. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan arasındakı hadisələr torpaq itkiləri ilə nəticələnmişdir. Nəticə etibarilə 91-94-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi zamanı da müasir Azərbaycan Respublikasının bir hissəsini itirməyə məruz qalan bir dövlət olub”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan ərazisinin bərpa olunması və Azərbaycan ərazisində separatçılığa son qoyulması ilə nəticələndi. Yüz ilə yaxın ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanması ilə sona çatdı.

“44 günlük Vətən müharibəsi zamanı əldə olunan böyük nəticələr və sonrakı mərhələlərdə, xüsusən də, 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün əraziləri separatçılardan, Ermənistana məxsus qeyri-qanuni hərbi birləşmələrdən, işğalçılardan azad edildi və Azərbaycanın üçrəngli bayrağı Azərbaycanın bütün ərazilərində dalğalanmağa başladı. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir hadisə oldu və bu hadisə həm böyük itkilər hesabına baş verdi. Minlərlə şəhid verməyimiz - Allah onlara rəhmət eləsin - minlərlə qazilərimizin yaralanması ilə həyata keçdi. Olduqca vacib bir məsələdir ki, bütün bu hadisələrin, xüsusilə də azadlıq uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində gecə-gündüz yorulmadan çalışan Ali Baş Komandan İlham Əliyev bu hadisələrə öz imzasını atmaqla, Azərbaycanın istər hərb tarixinə, istər diplomatiya tarixinə bütün sahələrdə olduğu kimi, bu tarixi səhifələrə də öz adını qızıl hərflərlə yazmış oldu. Sözün əsl mənasında, Azərbaycan xalqının bu məsələdə prezidentin yanında olması və dövlət-xalq birliyinin çox uğurlu şəkildə qurulması nəticəsində Zəfər gününə gəldik”.

Deputat vurğulayıb ki, Qarabağ zəfərinə aparan yolun başlanğıcı məhz ulu öndər Heydər Əliyev tərəfindən zamanında qoyulmuşdu: “Müxtəlif sahələrdə, istər iqtisadiyyat sahəsində, istər hərb, istər ideoloji sahədə ulu öndərin dəsti xəttini görürük. Həmin sahələrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət, birmənalı şəkildə, bu zəfər gününə aparan yolu daha qətiyyətli və daha məqsədyönlü şəkildə təşkil olunmasına imkanlar yaratdı. Buna birbaşa olaraq, rəvac verdi. Belə bir uğura imza atmanın başlıca səbəbi Azərbaycanın güclü, qüdrətli, rəşadətli ordusu və bu ordunu güclü edən Azərbaycanın güclü iqtisadiyyatı, Azərbaycanın iqtisadiyyatını güclü edən düzgün iqtisadi siyasətdir. Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub. Sonrakı mərhələdə onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən çox uğurlu şəkildə həyata keçirilməyə başlanıb. Nəticə etibarilə Azərbaycan ordusu ən müasir ordular sırasında öz layiqli yerini tutdu.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının zamanında qəbul etdiyi 4 qətnaməsinin icrasını birbaşa özü icra etmiş oldu. Təsəvvür edin ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmurdu. Beynəlxalq hüquq bu məsələlərdə çox aciz idi. Beynəlxalq ictimaiyyət həmin qətnamələrin təmin olunması ilə bağlı hər hansı bir iş həyata keçirmirdi. ATƏT-in Minsk qrupu ancaq onunla məşğul idi ki, Azərbaycanı yaranmış status-kvo ilə barışdırsın, Azərbaycan acı reallığı qəbul eləsin və işğalla barışmış olsun. Bütün siyasət buna yönəlmişdi. Amma Azərbaycan Respublikasının prezidenti və Azərbaycan xalqı Qarabağı nəinki unutmadı, hətta Qarabağ naminə öz fəaliyyətini əzmkar şəkildə həyata keçirməyə başladı. İşğal dönəmində kifayət qədər fədakar, vətənpərvər bir gənc nəslin yetişməsinə nail olduq. Həmin gənc nəsil Azərbaycan Respublikasının himmində deyildiyi kimi - “hüququndan keçən əsgər” - öz hüququndan keçdi, canı və qanı bahasına o torpaqların hər bir qarışını işğaldan azad etdi. Bu, sözün əsl mənasında görülməmiş bir milli həmrəylik idi.

Dünyada bugün dövlətlərin bir qismi separatçılıqdan əziyyət çəkir, öz ərazisində separatçılıq var və bununla mübarizə apara bilmir. Dövlətlərin bir qismi öz torpağlarını itirib və bu müharibələr bugün də davam etməkdədir. Müxtəlif dövrlərdə, hətta daha kəskin şəkildə baş verir”-deyən deputat bildirib ki, amma Azərbaycan son 20-30 il ərzində, 40 il ərzində o dövlətlərdəndir ki, həm separatçılığa son qoydu, həm də ərazi bütövlüyünü bərpa etdi.

“Bu da sözün əsl mənasında, tarixi ədalətin bərpa olunması və beynəlxalq hüququn təmin edilməsi idi. Eyni zamanda tarixi ədalətin təntənəsi idi. Çünki Azərbaycan tarixi bir qələbəyə imza atmaqla yeni bir dövrün və yeni bir geosiyasi mənzərənin yaranmasına səbəb oldu. Faktiki olaraq, 44 günlük Vətən müharibəsindən sonra Şərqi Zəngəzur iqtisadi rayonu və Qarabağ iqtisadi ərazilərinin işğaldan azad edilməsi, Azərbaycan üçün yeni prioritetlər üzərində öz fəaliyyətini qurmaq üçün yeni imkanlar yaratmış oldu”-deyə Azər Allahverənov qeyd edib.

Geri qayıt