Əsas Səhifə > Güney Press > "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq"

"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq"


Bu gün, 18:27
"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq"
“2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə başlayan zəfər yürüşündə unudulmaz uğurlar əldə etmişdir”
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Ermənistanın davamlı təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

“Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyanı imzalamasına şərait yaratdı.

2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Əks-hücum əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün oldu”-deyən deputat bildirib ki, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.

“Bu tarixi qələbənin şahidi olan hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan dövlətimizin başçısına və müzəffər ordumuza borcluyuq.

8 noyabr 2020-ci il - bu tarix hər bir azərbaycanlının Qarabağa qovuşduğu, qələbə sevincini yaşadığı tarixi gündür. Bu gün hər kəs küçələrə axışıb sevinc göz yaşları ilə bayram ovqatı yaşadı. Bu böyük qələbə ilə 28 il qaçqın, köçkün olaraq yaşayanların həsrətinə son qoyuldu. Mən deyərdim ki, bu tarixi zəfərlə şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə və Bərdə kimi şəhər və rayonlarımızda raket hücumları, soyqırımlar zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Artıq zəfərin səsi Xankəndidən gəlir, vətən sevgisi bütöv Azərbaycanda nümayiş olunur”-deyə Müşfiq Cəfərov əlavə edib.

Geri qayıt