Əsas Səhifə > Güney Press > “Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq”
“Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq”Bu gün, 15:38 |
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun İqtisadiyyat.az-a müsahibəsi: - Vüqar müəllim, 2022-ci ilin may ayından AQC-yə rəhbərlik edirsiniz. Bu dövr ərzində AQC-nin fəaliyyətinin genişləndirilməsi istiqamətində hansı addımlar atılıb? - Son 3 ilə yaxın müddətdə AQC-nin prioritet istiqamətləri üzrə bir sıra vacib layihələr həyata keçirmişik. Sevindirici haldır ki, mənim AQC-yə rəhbərliyim dövründə Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanun qəbul edildi, qiymətləndiricilərin ixtisas imtahanları keçirildi və Qiymətləndiricilər Palatasının yaradılması istiqamətində proseslərə başlanıldı. Eyni zamanda, beynəlxalq münasibətlər ən pik səviyyəyə çatdırıldı. 25 ildən çox fəaliyyət göstərən AQC ölkə ictimaiyyəti və ekosistem tərəfindən tanındı. Hədəflərimizdən irəli gələn fəaliyyətlərimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT-lər), assosiativ ticari təşkilatlar, media qurumları və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq əsasında gerçəkləşdirilib. Dövlət qurumları ilə birgə layihələr həyata keçirərək qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamışıq. Bu sahədə standartların və prosedurların sadələşdirilməsi istiqamətində müzakirələr aparılıb və bəzi yeni təlimatlar qəbul olunub. Azərbaycan Respublikasının İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd təsərrüfatı nazirlikləri, adıçəkilən nazirliklərin tərkibində fəaliyyət göstərən müvafiq dövlət qurumları, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Milli Məclisi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasıyası Mərkəzi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikasının Prezidentinin Naxçıvan MR-da səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mediasiya Şuras ilə fəal əməkdaşlıq etmişik. AQC-nin beynəlxalq qiymətləndirmə təşkilatları ilə əlaqələri gücləndirilib. AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) təsis edilib və Prezidentlik səlahiyyətləri Qazaxıstana, vitse-prezidentlik səlahiyyətləri Azərbaycana həvalə edilib. Bakıda keçirilən son forum zamanı isə prezidentlik səlahiyyətləri mənim şəxsimdə Azərbaycana dövr edilib. Hazırda da Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik edirəm. Hazırda 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə fərdi qiymətləndirici Şuranın üzvüdür. Qiymətləndirmə fəaliyyətinin təşviqinə dair Azərbaycan Respublikasının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və digər qurumlarla birgə tədbirlər təşkil olunub. 2024-cü ilin 31 may- 2 iyun tarixlərində Bakı Konqres Mərkəzində Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumunda 100-dən artıq xarici və yerli qonaq, dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak edib. Qürurverici məqamdır ki, biz bütün bu işləri qısa müddət ərzində həyata keçirmişik. - AQC hansı ölkələrin qiymətləndirmə qurumları ilə əməkdaşlıq edir? - Hazırda CAATS üzvü olan ölkələrin qiymətləndirmə qurumları ilə sıx əməkdaşlıq edirik. Rusiya və Belarus qiymətləndirmə qurumların ilə də münsaibətlərimiz yüksək səviyyədədir. Çalışırıq ki, bu əlaqələr daha da genişlənsin. Yaxın müddətdə Avropadakı qiymətləndiricilər birlikləri ilə də münasibətlərimizin qurulması istiqamətində addımlar atacağıq. Belə əməkdaşlıqlar təcrübə mübadiləsi baxımından böyük önəm kəsb edir. Peşəkarlıq səviyyəsinin artırılması, ortaq layihələrin hazırlanması istiqamətində də əməkdaşlıqların qurulmasını planlaşdırırıq. Bu yaxınlarda Moskvada beynəlxalq forumda iştirak etdik. Forum çərçivəsində Rusiyada fəaliyyət göstərən qiymətləndirmə istiqamətində kadrların hazırlığı ilə məşğul olan institutun Azərbaycanda da təsis olunması qərarına gəldik. Bu istiqamətdə Rusiya qiymətləndiriciləri ilə müqaviləmiz var. Bu da Azərbaycandakı qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin daha da artırılmasına xidmət edəcək. Eyni zamanda, birgə layihələrə başlamağımız üçün əsas olacaq. - Azərbaycanda qiymətləndirmə standartları ilə bağlı vəziyyət nə yerdədir? Bu sahədə yeniliklər gözlənilirmi? - Azərbaycanda hazırda 9 qiymətləndirmə standartı qüvvədədir. Onlar 2008-2009-cu illərdə hazırlandığına görə, ciddi dəyişdirilmələrinə ehtiyac var. Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra Palatanın üzvləri olaraq bu istiqamətdə komissiya yaradaraq fəaliyyət göstərmək qərarındayıq. Bu fəaliyyətin rəsmi xarakter daşıması və tədris müəssisələrinin də prosesdə aktiv iştirakını təmin etmək məqsədilə onu Palatanı formalaşdırdıqdan sonra həyata keçirməyi düşünürük. Azərbaycanda yeni standartların yaradılması istiqamətində də fəaliyyətimiz olacaq. Ölkədəki qiymətləndirmə standartlarının siyahısına 10-cu standart olaraq dəymiş zərərin hesablanması istiqamətini də əlavə etməyi planlayırıq. Digər istiqamətlər üzrə də beynəlxalq standartlara uyğun şəkildə milli standartların yaradılması istiqamətində fəaliyyətimizi ortaya qoyacağıq. Qiymətləndirmə prosesinin qanunauyğun şəkildə və standartlara əməl edərək həyata keçirilməsi olduqca vacibdir. Bu o deməkdir ki, həmin qiymətləndirmə nəticələri bütün dünyada qəbul edilə bilər. Bu da Azərbaycan qiymətləndiricilərinin peşəkarlıq səviyyəsinin dünyaya təqdim edilməsi baxımından əhəmiyyətlidir. - Qiymətləndirmə sektorunun ölkədəki tədris müəssisələri ilə əməkdaşlığı hansı səviyyədədir? - Azərbaycan İqtisad Universiteti ilə uzun illərdir əməkdaşlığımız var. Hər il bu universitetin tələbələri AQC-ə üzv olan şirkətlərdə təcrübə keçir. Eyni zamanda İqtisad Universitetinin müəllim heyəti AQC-nin fəaliyyətlərində yaxından iştirak edir. AQC-nin yarandığı dövrdən bu ənənə davam edir. Palatanı formalaşdırdıqdan sonra sözügedən universitetin müəllim heyəti ilə mövcud standartların yenilənməsi və əlavə standartların da hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcəyik. Azərbaycan Texniki Universiteti ilə də yaxın münasibətimiz var. Planımızda var ki, Azərbaycanda fəaliyyət göstərən tədris müəssisələrinin əksəriyyəti ilə bu tipli münasibətlərin formalaşması istiqamətində addımlar ataq. Çünki qiymətləndirmə təkcə praktiki fəaliyyət deyil, həm də elmi fəaliyyətdir. Burada akademik heyətin olmasına böyük ehtiyac var. Uzun müddət qiymətləndirmə sahəsi rieltor fəaliyyəti ilə eyniləşdirilib və bu sahədə olan fəaliyyət elmi dəstəkdən uzaq düşüb. Hazırda bunu kompensasiya etməyə çalışırıq. Palata formalaşandan sonra bu istiqamətdə daha ciddi addımlar atacağıq. - Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra sektorda hansı problemlərin qarşısı alınacaq? - Palata yaradıldıqdan sonra bazarda peşəkar olmayan, yalnız MMC kimi qeydiyyatdan keçib müəyyən şəxsi münasibətlər yaxud korporativ əlaqələr hesabına qiymətləndirmə sifarişləri əldə edən şirkətlər və ya qiymətləndirici fiziki şəxslər fəaliyyət göstərə bilməyəcək. Palata bu istiqamətdə tənzimləyici rol oynayacaq. Qiymətləndirmə şirkətlərinin seçimində də Palatanın xüsusi rolu olacaq. Ayrı-ayrı dövlət orqanlarının və ya müvəkkil təşkilat seçmə hüququ olan qurumların məhz Palatanın rəyi əsasında müvəkkil təşkilat seçməsi reallaşacaq. Palata olaraq beynəlxalq əlaqələrin genişləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində addımlar atacağıq. Nəticədə bu sahədə təsadüfi adamların fəaliyyət göstərməsinin qarşısı alınacaq alınacaq və sektorda daha peşəkar mühit formalaşacaq. - Palata yarandıqdan sonra AQC-nin taleyi necə olacaq? - AQC ictimai birlikdir. Palata formalaşdıqdan sonra tədris-təlim istiqamətində və ölkədəki qiymətləndiricilərin assosiativ birliyi formasında fəaliyyətini davam etdirəcək. Hansısa inzibati orqanın yaradılması bu istiqamətdə fəaliyət göstərən assosiasiyaların sıradan çıxması demək deyil. Əksinə, həmin inzibati orqanın assosiativ təşkilatlara çox böyük ehtiyacı var ki, qarşılıqlı əməkdaşlıq nəticəsində sektorun mənafeyini tam qorumağa nail olsun və assosiasiyalardan təkliflər alaraq öz fəaliyyətini daha yüksək səviyyədə qursun. Bununla bağlı Azərbaycanda çox nümunələr var. Palata şəhadətnamələrin, fəaliyyət icazəsinin verilməsi məsələlərini tənzimləyəcək. AQC isə qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması, onların hüquqlarının müdafiəsi, birliyinin reallaşdırılması, sektorun ümumi mənafelərinə aid məsələlərin dövlət qurumları, o cümlədən Palata qarşısında qaldırılması istiqamətlərində fəaliyyətini davam etdirəcək. Cəmiyyətin sertifikatlaşma kursları da davamlı olacaq. Bu kurslar indi də keçirilir. İmtahanlara hazırlıqla bağlı da AQC-nin kursları davam edir. Palatanın yaradılması ilə AQC-nin fəaliyyəti daha da inkişaf edəcək və imkanları daha da artacaq. - Qiymətləndiricilərə şəhadətnamə verildikdən sonra onların əldə etdiyi sertifikatlar hansı hüququ qüvvəyə malik olacaq? Ümumiyyətlə sertifikatlaşdırma kursları öz fəaliyyətini davam etdirəcəkmi? - Bir var rəsmi fəaliyyət icazəsi əldə etmək, bir də var kurslarda iştirak edib peşəkarlıq səviyyəsini artırmaq. Bu, dünya təcrübəsində görünmüş br haldır və biri digərini təkzib etmir. Əksinə, sertifikatların şəhdaətnamələrin alınmasına və qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə olduqca böyük təsiri var. Hesab edirəm ki, sertifikatlaşma prosesi bundan sonra davamlı oalcaq. Palata olaraq altı ay ardıcıl imtahanlar keçirəcəyik. Artıq ilk imtahan keçirilib. İkinci imtahan 18 dekabrda olacaq. Növbəti imtahanların keçirilməsi hər imtahan baş tutduqdan sonra 45 gün ərzində elan olunacaq. Bu proses təqribən 10 ay müddəti əhatə edəcək. Bu müddətdə altı dəfə imtahandan keçən qiymətləndiricilər sektorda müxtəlif sahələr üzrə fəaliyyət icazəsi alacaqlar. Bundan sonra isə ildə iki dəfə imtahan keçiriləcək. Həmin imtahanlarda müsbət nəticə əldə etmiş şəxslər qiymətləndirici kimi ölkədə fəaliyyət göstərmək icazəsi əldə edəcəklər. Fəaliyyət icazəsi əldə etmək bir başqa məsələdir, həmin fəaliyyətin yüksək səviyyədə olmasını göstərən sertifikat əldə etmək başqa məsələ. Yəni Palata fəaliyyətə rəsmi icazəni təmin edəcək, AQC isə bu istiqamətdə fəaliyyətin peşəkarlıq səviyyəsinin və keyfiyyətini öz sertifikatları ilə təsdiq edəcək. Geri qayıt |