Əsas Səhifə > Güney Press > "Seçki müharibələri"

"Seçki müharibələri"


Bu gün, 18:58
"Seçki müharibələri"
Gürcüstanda parlament, Moldovada prezident seçkiləri keçirildi. Gürcüstanda da, Moldovada da həm hakimiyyət, həm müxalifət Avropa İttifaqına inteqrasiya tərəfdarı kimi çıxış edir. Sadəcə, Gürcüstanda hakimiyyət, Moldovada müxalifət tərəf Rusiya ilə də münasibətləri normallaşdırmaq tərəfdarıdır. Amma ümumi bir cəhət sanki var: Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin saxtalaşdırıldığını deyir və nəticələri tanımır. Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin nəticələrini mübahisələndirib. Maraqlı cəhət budur ki, Gürcüstandakı Qərbpərəst və Moldovada Rusiyapərəst müxalifət var. Belə bir tablo alınır: Gürcüstanda Rusiyapərəstlər, Moldovada Qərbpərəstlər qalib gəlib. Ancaq nə Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası öz qələbəsinə ürəkdən sevinə bilib, nə Moldovada Mayya Sandu prezident seçilməsinə görə şadyanalıq edə bilir. Gürcüstan parlament, Moldova prezident respublikalarıdır. Ancaq hökumətlərin yönəldiyi geopolitik vektorlar tam fərqli olsa da, hər ikisində seçkidən sonra siyasi böhran yaranıb. Gürcüstanda müxalifət mandatlarından imtina etdiyinə və parlamenti boykot qərarı verdiklərinə görə, qanunverici orqan toplaşa bilmir, yeni baş nazir təqdim olunmur və hökumətin formalaşdırılması ləngiyir. Moldovada vəziyyət bir qədər fərqlidir; Mayya Sandu prezident kimi səlahiyyətlərinə başlaya bilər. Amma müxalifət iddia edir ki, seçkinin və ölkənin taleyini Qərb ölkələrində məskunlaşmış moldovanlar - diaspor həll edir. Müxalifət məhkəməyə belə bir dəlil təqdim edir: Avropada, Rusiyada da moldovan diasporaları sayca, demək olar, eynidir: təxminən 500 min nəfər. Ancaq Moldova Mərkəzi Seçki Komissiyası (ölkənin Milli Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin fəal müdaxiləsi ilə) Avropada Moldova seçkiləri üçün 200 məntəqə yaradıldığı halda, Rusiyada 2 məntəqə yaradılıb. Yəni fərq 100 dəfədir. Bu, Sandunun qələbəsini şübhə altına alır. Hətta artıq ona "Avropadakı moldovan diasporunun prezidenti" də deməyə başlayıblar. Çünki ölkə içərisindəki səslərin çoxunu müxalifətin namizədi Aleksandr Stoyonoqlo toplayıb. Sandu yalnız Avropadakı moldovanlar daha çox ona səs verəcək deyə, o ölkələrdə Rusiyadakına nisbətdə 100 dəfə çox məntəqə açmışdı. Rusiyadakı moldovanlar isə əksərən Stoynoqloya səs verəcəkdilər, o zaman Sandu deyil, rəqibi prezident olacaqdı.

Bunu niyə belə müqayisəli və həm də detallı yazırıq? Çünki hər bir ölkənin daxili siyasi təhlükəsizliyi artıq ön plana keçir. Bu, əvvəllər də olub; böyük ölkələr bir-birinin və kiçik ölkələrin seçkilərinə həmişə öz maraqlarına uyğun yön verməyə çalışıb. Bu, yeni bir şey deyil. Ancaq indiki beynəlxalq münasibətlərə baxsaq, seçkilər artıq hibrid müharibə alətinə çevrilib. Rəqib ölkələr bir-birinin seçkisini idarə etməyə cəhd edir. Bu, mümkün olmadıqda onu pozmağa çalışırlar. Rusiyanın 2020-ci ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqda indi yalnız tənbəl ekspertlər danışmır. Hətta indiki seçkilərlə də bağlı oxşar səslər eşidilir. Rusiyanın Fransa seçkilərinə, ABŞ-ın Çin Kommunist Partiyasının qurultayına və sair müdaxiləsi haqda da fikirlər söylənilir. Hazırda dünyanın 60-dan çox ölkəsində seçki var. Bunların da başında, təbii ki, ABŞ prezidentinin seçilməsi gəlir. Əgər əvvəllər gücü çatan dövlət başqa ölkələrin seçkilərinə qarışıb, öz adamlarını yerləşdirməyə çalışırdısa, indi isə vəziyyət çox dəyişib: dünyanın güclü dövlətləri bir-bir ilə mübahisələri müharibəyə çevirirlər. Bir-birinin sabitliyinə, siyasi təhlükəsizliyinə təhdid yaradırlar. Seçkilər artıq gah bu, gah o tərəfdən (hər tərəfdən) işğal alətinə çevrilir. Ən qorxulu tendensiyalardan biri budur: ölkələrin hökumətlərini, parlamentlərini hərəsini öz xalqları deyil, başqa ölkələrin hökumətləri seçməyə başlayıb. Əslində bu, elə çoxdan beləymiş, sadəcə, indi daha açıq-aydın görünür, demək...

Bahəddin Həzi, Bizimyol.info

Geri qayıt