Əsas Səhifə > Güney Press > MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib


6-11-2024, 16:09
MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib
Noyabrın 6-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova bütün kollektivi Azərbaycan xalqının tarixi qələbəsinin dördüncü ildönümü münasibətilə təbrik edib. Akademik İradə Hüseynova qeyd edib ki, bu böyük tarixi qələbə ordumuzun, dövlətimizin və Cənab Prezidentin apardığı siyasətin nəticəsidir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdir. Vətən müharibəsinin nəticələri xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Əldə etdiyimiz qələbə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin edilməsi ilə başa çatdı. Qələbəmizin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan regionun ən güclü ordusuna malik ölkə kimi özünü təsdiqlədi. Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda Azərbaycanı bir çox dünya ölkələri tanıyır və COP 29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi buna bariz sübutdur. Bu tədbir Cənab İlham Əliyevə olan etimadın və onun beynəlxalq aləmdə apardığı uğurlu siyasətin nəticəsidir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq.

Akademik İradə Hüseynova MBBİ kollektivinin əməkdaşlarının arasında da Birinci Qarabağ müharibəsinin əlilləri və iştirakçılarının, İkinci Qarabağ müharibəsində yaxınlarını itirən, övladları qazi olan əməkdaşların olduğunu xüsusi qeyd edib. Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, qazi Arif Cəbrayılovun anası, b.ü.f.d. Mayaxanım Xanışova, qardaşı müharibədə qəhrəmancasına döyüşən və Birinci Qarabağ müharibəsində yaxın qohumu şəhid olan Aygün Sadiqova, kiçik elmi işçi Məhbubə Həmidova, Təchizat və xidmət şöbəsinin əməkdaşları Vəzir Əzizov və Bəhram Daşdəmirov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının tarixində şanlı səhifə olan Zəfər günü münasibətilə təbrik ediblər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Daha sonra tədbirdə “8 Noyabr-Zəfər günü”nə həsr olunmuş video-çarx nümayiş olunub və toplantı qeyri-rəsmi hissə ilə davam edib. MBBİ-nin əməkdaşı V. Əzizovun oğlu müharibə iştirakçısı qazi Əvəzxan Əzizov İnstitutun əməkdaşlarını təbrik edərək tarixi zəfərimizə həsr olunmuş musiqi nömrələri ilə çıxış edib. İnstitutun kiçik elmi işçisi Könül Cümşüdlü və baş kitabxanaçı Nərmin Əliyevanın Zəfər Günü münasibətilə mahnı ifa ediblər.

MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Geri qayıt