Əsas Səhifə > Güney Press > XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir

XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir


6-11-2024, 14:56
XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və
suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət
sahəsində öz uğurlarını daha da inkişaf etdirib. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş
siyasət, qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb.
Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin,
beynəlxalq təşkilatların sayı xeyli artıb.
Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk
Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha
da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə
mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini
verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük
inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş
bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına,
nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir.
Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika,
rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,
təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq
əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının
Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Növbəti belə səfər
noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının
Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız
Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti
Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan,
Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət
Başçıları da iştirak ediblər.
Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət
Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib
ki, bu son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Hər səfər zamanı
ölkədə şahidi olduğu inkişafa görə Qırğız Prezidenti Sadır Japarovu təbrik
edib.
Bildirilib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan
Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu
keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ
Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon
və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi
göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz
töhfəsini verəcəkdir.
Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə,
təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük
əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik
orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı
qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə
qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və
dostluğun göstəricisidir.
Ölkə başçısı bildirib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə
Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə
Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin
yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-
sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının
həcmində 15 faizə yaxın artım müşahidə edilir”.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin
asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr
logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir
edəcək.
Çıxışının sonunda Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycan
yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin
dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə
dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və
dəstəyinin təzahürüdür”.
Ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv
ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt