Əsas Səhifə > Güney Press > “Ağ ev bizim regionda da aktiv iş aparacaq”
“Ağ ev bizim regionda da aktiv iş aparacaq”6-11-2024, 13:58 |
“ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ağ ev bizim region, Yaxın Şərq və Ukrayna mövzusuna daha çox diqqət ayıracaq, aktiv iş aparacaq. Nəzərə almaq lazımdır ki, son aylar ABŞ-da siyasətçilərin başı daha çox seçkilərə qarışıb və xarici siyasətə bir o qədər də maraq göstərilməyib”. Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə deyib. Analitik qeyd edib ki, seçkiləri Demokrat Partiyasının namizədi Kamala Harrisin udması Azərbaycana münasibəti dəyişməyəcək: “Ümumən Demokrat Administrasiyasının Azərbaycanla bağlı siyasəti bizə aydındır, bu, Azərbaycanı qane etmir. Onların Azərbaycan və Ermənistan arasında sülh sazişinin həlli məsələsində mövqeyini də bilirik. Əlbəttə, Azərbaycan Amerika ilə işləyir, öz mövqeyini çatdırır, bəzən mövqelərin yaxınlaşdırılması müşahidə edilir, bəzən bunun əksi baş verir. Bu da normaldır. Yəni xanım Harrisin bu məsələyə dair hansı mövqedən çıxış edəcəyi, komandasının hansı istiqamətləri əsas götürəcəyini proqnozlaşdırmaq mümkündür. Bakı da onlarla işləyəcək, möqeyini açıqlayacaq və s. Necə ki indiyə qədər belə etmişik”. A. İsazadənin qənaətincə, respublikaçı namizəd Donald Trampın prezident seçilməsi halında nəyin necə olacağını proqnozlaşdırmaq çətindir: “Düşünürəm, Tramp özü də bilmir ki, bu məsələdə hansı addımlar atılmalıdır. Yəni onun bu mövzuya dair ideyası yoxdur. Nəzərə almaq lazımdır ki, biz Qarabağı işğaldan azad edəndə Donald Tramp ABŞ prezidenti idi və məsələlərə nisbətən loyal qaldı. Bilmək olmur, indi seçiləcəyi təqdirdə neytral mövqeyini qoruyub saxlayacaqmı, bizimlə əməkdaşlığa daha çox üstünlük verəcəkmi, yoxsa fərqli mövqedən çıxış edəcək. Ancaq bütün hallarda Azərbaycan ABŞ-nın yeni prezidenti ilə işləyəcək”. İsazadə sonda əlavə edib ki, ABŞ-da seçkilərin sakit və dinc keçirilməsi vacibdir. Çünki seçkilərdən sonra ABŞ-nın yaxın 4-5 illlik dövr üçün regionumuzla bağlı siyasətinin əsasları tədricən ortaya çıxacaq. Geri qayıt |