Əsas Səhifə > Güney Press, Partiya > “ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”
“ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”Bu gün, 09:33 |
“Amerika siyasətində birinci şəxs məsələsi var, amma birinci şəxslərin kimliyi o qədər də önəm daşımır. Amerika üçün onun strateji maraqları birinci sırada gəlir. Odur ki, ABŞ-da kimin prezident seçilməsi ümumi strateji yanaşma baxımından xüsusi dəyişikliklərə gətirib çıxarmayacaq”. Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-da keçirilən prezident seçkilərindən danışarkən deyib. S. Cəlaloğlu bildirib ki, ABŞ-nın strateji maraqları Azərbaycanla əlaqələrin saxlanılmasını və əməkdaşlığı tələb edir: “Odur ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla əlaqələr saxlanılacaq, əməkdaşlıq olacaq. Əlbəttə, hansısa yardımlar kəsilə, bizdən nələrsə istənilə bilər və bu da normaldır. Hər bir ölkə özü üçün faydalı olan işi həyata keçirmək istəyər. O cümlədən, biz də Azərbaycana fayda gətirəcək işlərin həyata keçirilməsini istəyirik. Bu baxımdan seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz”. Seçkilərdə kimin qalib gələcəyinə dair proqnoz verməyin çətin olduğunu deyən ADP sədri demokrat namizəd Kamala Harrisin qələbə qazanmaq imkanının olduğunu qeyd edib. Respublikaçı namizəd Donald Trampın prezident seçiləcəyi təqdirdə NATO-nu dağıdacağı, Rusiyaya yaxınlaşacağı kimi iddialara gəlincə, bunu real saymayan ADP sədri xatırladıb ki, ABŞ üçün strateji maraqlar öndədir: “Cənab Tramp siyasətə iş və biznes dünyasından gəlib, bu səbəbdən də baxışlarında biznes maraqları özünü büruzə verir. Xatırlayırsınızsa, birinci dəfə prezident olanda elan etmişdi ki, Suriyadan ABŞ qoşunlarını çıxarır. Bu bəyanatından sonra bəzi ekspertlər ABŞ-nın Yaxın Şərq siyasətində ciddi dəyişikliklərə gediləcəyi haqda ehtimallar səsləndirməyə başladılar. Amma sonra Pentaqon prezidentin dediklərini təkzib edərək bildirdi ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması Amerikanın strateji maraqlarına uyğun deyil. Bununla da ABŞ qoşunları Suriyada qaldı və qalmaqda davam edir. Yəni kimin hansı fikir deməsindən asılı olmayaraq, ABŞ-da strateji maraqlar əsasdır”. Geri qayıt |