Əsas Səhifə > Güney Press > Bakıda yerüstü və yeraltı gərginlik
Bakıda yerüstü və yeraltı gərginlikBu gün, 14:59 |
Bakı şəhərində və ətraf qəsəbələrə gedən yollarda tıxac, sıxlıq hər keçən gün daha da artır. İnsanlar evdən işə, işdən evə gedərkən çətinliklə üzləşir. Saatlarla yollarda qalırlar. Bu ciddi sosial gərginliyə, ictimai etiraza səbəb olur. Artıq Bakı yaşamaq üçün olduqca mürəkkəb, çətin bir şəhərə çevrilməkdədir. Tıxacların yaratdığı stress pik həddə çatıb. Adətən belə vəziyyətlərdə alternativ vasitələrdən istifadə olunur. Qar çovğununda, güclü küləkdə, intensiv yağışlarda, yollarda tıxac yarandıqda əksəriyyət metroya üstünlük verir. Son illər metro da gedilməz olub. Pik saatlarda insan seli metro stansiyalarında o həddə çatır ki, addım atmaq müşkülə çevrilir. Bəzən 5-6 qatar buraxmalı olursan ki, növbəti qatara minə biləsən. Hər gün sosial şəbəkələrdə, saytlarda metrodakı sıxlığı əks etdirən fotolar, videolar paylaşılır. Baş nazir Əli Əsədovun yanında vaxtaşırı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilir. Vəziyyətdən çıxmaq üçün müzakirələr aparılır, təkliflər, tapşırıqlar verilir. Amma heç bir faydası olmur. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Mütəxəssislər deyirlər ki, bu acınacaqlı halın yaranması illər öncə əsası qoyulmuş plansızlıqdan doğub. Bakıda, ətraf kənd və qəsəbələrdə, yol kənarlarında aparılan xaotik tikintilər bu vəziyyətin ortaya çıxmasında ciddi rol oynayıb. Bakının əksər küçə və prospektlərində “butulka effekti” var. Yəni başdan geniş, bir neçə zolaqlı yol, şəhərə çatanda daralır, 2 xətliyə çevrilir, nəticədə dəhşətli tıxac yaranır. İctimai nəqliyyatın təşkilində də çatışmazlıqlar bu məsələyə öz “töhfəsini” verir. Bakıda avtobus zolaqları yaradılsa da, bu da prosesə ciddi dəstək olmur. Bakı kimi meqapolisdə tramvay nəqliyyatının olmaması də yükü artırır, gərginliyi çoxaldır. Əksər paytaxt və qeyri-paytaxt şəhərlərində tramvay nəqliyyatın idarə edilməsində, tıxacların yaranmamasında ciddi rola malikdir. Bakıda ötən əsrin əvvəlində tramvay xətləri olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləyən dövrdə tramvay xətləri kəsildi, relslər, mis naqillər dəyər-dəyməz qiymətə satıldı. Bu addım Bakını xaosa və tıxaclara təslim etdi. Son 1 ildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının yollarının iflic duruma düşməsinə səbəb olan addımlar atır. Harada gəldi ödənişli parklama yeri təşkil etmək, onsuz da yaxşı olmayan yollarda böyük tıxaclara gətirib çıxardı. Bakı küçələrində yaradılan velosiped yolları, avtobus zolaqları, digər məhdudlaşdırıcı tədbirlər vəziyyəti daha da pisləşdirib. AYNA ona həvalə edilən işi demək olar yarıtmayıb. Bu təşkilat üzərinə düşən vəzifəni tam tərsinə görür. Yol bağlamaq, tıxac yaratmaq, sosial gərginliyi artırmaq – ən yaxşı gördüyü işlər bunlardır. Deyilənlərə görə, COP29-dan sonra bu sahədə ciddi dəyişikliklər baş verəcək. AYNA-nın yaratdığı xaotik vəziyyətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüləcəyi haqda informasiyalar var. Bu qurumun fəaliyyəti ilə bağlı bəzi korrektələrin aparılacağı bildirilir. Ən yüksək səviyyədə Bakıdakı tıxaclara müdaxilə olacağı gözləntisi var. Artıq bu məsələ dövlətin, ölkənin təhlükəsizlik məsələsinə çevrilib. İnanırıq ki, bütün bunlar baş verəcək və nisbətən də olsa tıxac gərginliyi azalacaq. Tahir Turan Globalinfo.az Geri qayıt |