Əsas Səhifə > Güney Press > İndi Amerikada SEÇİM ANIDIR...

İndi Amerikada SEÇİM ANIDIR...


Bu gün, 14:47
İndi Amerikada SEÇİM ANIDIR...
Bu gün ABŞ-da keçirilən prezident seçkilərində hər iki namizəd – Tramp və Harris qələbəni təmin etmək üçün Seçicilər Kollegiyasının ən azı 270 səsini qazanmalıdır. ABŞ seçki sisteminə görə, prezidenti 538 seçici sayından ibarət Seçicilər Kollegiyası seçir. Hər bir ştatın “seçici sayı” ABŞ Konqresindəki nümayəndələrinin sayı qədərdir. Hər bir ştatda hansı namizəd qalib gəlirsə, o ştatın “seçici sayı”nı da qazanır.
Əksər ştatların dəstəklədiyi partiyalar öncədən bəllidir. Seçkinin nəticəsini adətən “yelləncək ştatlar” müəyyən edir. Bu seçkidə 93 seçici səsi olan 7 ştat həlledici olacaq: Pensilvaniya (19), Corciya (16), Şimali Karolina (16), Miçiqan (15), Arizona (11), Viskonsin (10), Nevada (6);
Harrisin Kaliforniya (54), Nyu-York (28) və İllinoys (19) da daxil olmaqla, 19 ştatdan və Kolumbiya dairəsindən ən azı 226 seçici səsini təmin edəcəyi proqnozlaşdırılır. O, qalib gəlmək üçün lazım olan 270 seçici səsini təmin etməsi üçün 93 “yelləncək seçici səsi”ndən ən azı 44-nü əldə etməlidir. Pensilvaniya (19), Corciya (16) və Şimali Karolinada (16) lazımi nəticəni toplaya biləcəyi ehtimal edilir. Buna nail olarsa, 51 seçici səsi ilə prezidentliyi təmin edə bilər.
Trampın Texas (40), Florida (30) və Ohayo (17) da daxil olmaqla, 24 ştatdan ən azı 219 seçici səsini təmin edəcəyi proqnozlaşdırılır. Ona 270 seçici səsinə çatmaq üçün 93 “yelləncək seçici səsi”ndən ən azı 51-ni əldə etmək lazımdır. Demokratlar kimi, respublikaçıların da asan yolu Pensilvaniya (19), Corciya (16) və Şimali Karolinanı (16) qazanmaq və 51 seçici səsini əldə edərək, prezidenliyi təmin etməkdir. Tramp bu üç ştatın hamısında qalib gələ bilməsə, o zaman, 7 “yelləncək ştat”dan ən azı 4-də qazanmalıdır.
Amerikalı analitiklər başabaş mübarizənin getdiyi seçki marafonunda əsas həlledici ştat kimi Pensilvaniyanı qiymətləndirirlər. Seçki mübarizəsinin bərabər bitə biləcəyi gözləntiləri də var. Bərabərlik olarsa, Nümayəndələr Palatasında çoxluğa malik olan partiya Ağ Evə yiyələnəcək. Bu ssenaridə qələbə NP-də çoxluqda olan respublikaçılara nəsib olacaq.
Publika az

Geri qayıt