Əsas Səhifə > Güney Press > Biz seçim etmək məcburiyyətində qalanda...
Biz seçim etmək məcburiyyətində qalanda...Bu gün, 11:24 |
ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib. Katolikosluqdan yayılan məlumatda Trampın Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərilməsinə dəstək ifadə etdiyi bildirilib. Telefon danışığı zamanı Trampın ABŞ-dəki erməni icmasını da salamladığı vurğulanıb. I Aram isə Trampa Qarabağ erməniləri ilə bağlı mövqeyinə görə təşəkkür edib. Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib. O, həmçinin guya təqib edilən xristianları müdafiə edəcəyini deyib. Trampın rəqibi Harris də Qarabağ erməniləri və iki ölkə arasındakı sülhlə bağlı bənzər açıqlama verib. ABŞ-də ermənilərin ən böyük diaspor təşkilatı olan Amerika Erməniləri Milli Konqresi isə seçkidən öncə məlumat yayaraq, ermənilərin namizədlərdən heç birini dəstəkləməyəcəyini bəyan edib. Xatırladaq ki, I Aram diaspordakı ermənilər arasında ən nüfuzlu din xadimidir. Trampın bir həftənin içində iki dəfə ermənipərəst mövqedən çıxış etməsini şərh edən siyasi şərhçi Fuad Əliyev ermənilərin bütün hallarda Harrisə ümid bəslədiyini güman edir. Onun sözlərinə görə, Trampdan onlara ermənipərəst olmaz və Qarabağ erməniləri ilə bağlı çıxışı və katolikosla telefon danışığı da seçkiyə sayılı günlər qalmış bu elektoratın səsini almağa hesablanıb. K.Harrisin tam ermənipərəstliyi ilə fərqləndiyini vurğulayan analitikin sözlərinə görə, demokratların əksəriyyəti ermənipərəst olur: “Konqresdə Azərbaycan əleyhinə təşəbbüslər qaldıranların da böyük çoxluğu Demokratlardan olur. Bu mənada biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik, ermənilər də Harrisin tərəfdarıdır. Ümumiyyətlə, prezidentliyə namizədlər bu seçkidə erməni məsələsini çox da qabartmadılar. Bir dəfə Harris "Dağlıq Qarabağ"a qayıtmağın vacibliyinə çağırıb, daha sonra bu haqda danışmayıb, seçkiyə az qalmış da Tramp eyni mövzunu təkrarlayıb. Sanki hər iki partiya erməni lobbisindən gələn maliyyənin əvəzini ödəyiblər. Yəni bir dəfə çıxış etdilər, kifayətdir. Ancaq deyim ki, Harris Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək". Geri qayıt |