Əsas Səhifə > Güney Press > İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi...
İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi...Bu gün, 13:58 |
Noyabrın 1-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mger Qriqoryanın sədrliyi altında növbəti görüş keçirildi. İki dövlət arasında sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya rəhbərlərinin görüşü zamanı tərəflər dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələləri də müzakirə olundu. Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Sünik vilayətində (Zəngəzur) keçirilə bilər. Spiker delimitasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı sualı da cavablandırıb: “Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən (Zəngəzur), yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir. 12, 50 və ya 100 kilometrlik sərhədimizin bərpası tariximizin mühüm məsələsidir, bunu həll etsək, hamımız razı olmalı və şükür etməliyik”. Azərbaycanla danışıqların gedişindən danışan Simonyan qeyd edib ki, bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar: "Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib. Sərhədin delimitasiya qaydasının mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir". Politoloq Fuad Abbasov "Sherg.az”a açıqlamasında deyib ki, Kazanda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra İrəvanın fəallaşması və sərhəd delimitasiyası ilə bağlı komissiyaların müzakirələri müsbət haldır. Analitik vurğulayıb ki, Ermənistan bunu özbaşına, öz iradəsi ilə həyata keçirmir: "Bunu İrəvan hökumətindən başda ABŞ olmaqla Qərb tələb edir. Əslində, Azərbaycanın da istəyi sülh prosesində irəliləyişə nail olmaqdır. Məhz buna görə Ermənistan qarşısında müəyyən tələblər qoyulur. Kazan görüşündən, daha doğrusu, BRICS sammitindən əvvəl ABŞ Prezidenti C.Baydenin Azərbaycan rəhbərliyinə göndərdiyi məktublarda Ermənistanla sülh müqaviləsinin tez zamanda imzalanmasına diqqət çəkilirdi. Böyük ehtimal Bayden İrəvan hökumətinin başçısı Nikol Paşinyana da eyni mesajları göndərmişdi. O baxımdan sülh prosesinin sürətlənməsi normal və təbiidir. Rəsmi Bakı hər zaman öz mövqeyini ortaya qoyub və sülh prosesinin sürətlənməsində maraqlı olduğunu açıqlayıb. Ancaq bir daha qeyd edirəm ki, İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi Vaşinqtondan gələn tələb üzərinədir. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi, o cümlədən hökumət nümayəndələri konstitusiyanın dəyişdirilməsindən, bu məsələnin zəruriliyindən danışmırlar. Əgər Ermənistan "konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarıldı" şəklində açıqlama versə, İrəvan hökumətinin sülhdə daha ciddi olduğunu, səmimi yanaşdıqlarını görəcəyik. Əks halda onsuz da bütün dünyanın bildiyi həqiqətləri ara-sıra hansısa erməni rəsminin dilə gətirməsi mənasızdır. Bu da Azərbaycan üçün heç nə dəyişmir". F.Abbasov bəyan edib ki, nə Paşinyan, nə də onun hökumətinin üzvləri konstitusiyanın dəyişdirilməsi barədə konkret fikir bəyan edirlər: "Davamlı olaraq "sülh sazişinin 80 faizi razılaşdırılıb, müqaviləni imzalamağa hazırıq" kimi bəyanatları dilə gətirirlər. Bunlar ABŞ-dən gələn sifarişlər əsasında Paşinyanın səsləndirdiyi tezislərdir. Əgər Ermənistan tərəfi həqiqətən Azərbaycanla sülh sazişinin imzalanmasını istəsəydi, ən qısa müddətdə konstitusiya ilə bağlı referendum elan edərdi. Sülh danışıqlarını ancaq bununla sürətləndirmək və müsbət sonluğa çatdırmaq mümkündür". Geri qayıt |