Əsas Səhifə > Güney Press > Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib

Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib


Bu gün, 10:05
Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib
Gürcüstandakı gərginlik fonunda biz ABŞ və Avropadan daha çox sanksiyalar görəcəyik. Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O deyib ki, Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı dəqiq sübutları yoxdur: "Lakin biz necə düşünə bilərik ki, Rusiya seçkilərə müdaxilə etməyib? Onlar ölkənin 20 faizini işğal ediblər. Gürcüstanda isə hökumətdə Rusiya ilə münasibətləri bərpa edən, Anakliya limanını ləğv edən və Kremlin istədiyi çox işi görən hökumət var. Gürcüstan bir yerdə ilişib qalıb. Aydındır ki, hökumət AB-yə üzvlüklə bağlı inkişaf arzulamır. Gürcü xalqının böyük hissəsi isə bunu istəyir. Beləliklə, bu, cəmiyyətdə dərin ziddiyyətlər yaradır. Bəlkə də, buna görədir ki, biz Medvedyevdən belə həyəcanlı bəyanatlar eşidirik".

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Qərbin seçkinin nəticələrini qəbul etməkdən başqa çarəsi yoxdur. Ekspetin fikrincə, sadəcə, siyasi gərginliklə heç nə əldə edəcəyini başa düşən Qərb görür ki, əvvəlki "rəngli inqilablar" dövrü deyil:

"Bu, bir dəfə olur. Artıq ölkələr buna hazırlıqlıdırlar. Məsələ ondadır ki, ilk dəfə rəngli inqilablar baş tutmuş ölkələrdə, o cümlədən də Gürcüstanda xalq demokratik cəmiyyətin varlığına inamlı idilər və bunun arzusunda idilər. Təbii ki, bu yolla çox irəliləyişlər əldə olunsa da, nəticə etibarilə ümumilikdə ciddi nailiyyətlər əldə olunmadı. Gürcüstan torpaq itirdi. Bundan sonra xalq demokratiya istəyindən böyük ölçüdə geri durdu. Amma bu o demək deyildir ki, indinin özündə demokratik təsisatlardan imtina edilir. Amma indi ağılla hərəkət edilir, emosiyalara yol verilmir".

A.Qasımova görə, mövcud reallıqlar nəzərə alınır:
"Qərb Gürcüstanda maraqlarını təmin edə bilmədikdə reallıqla barışacaq. Müəyyən təzyiq dili ola bilər. Amma bu təzyiqi gürcü xalqının hamısının əziyyət çəkməsi ilə həyata keçirmək yanlış olardı. Qərbyönümlü insanlar öz fikirlərində həmişə belə qalacaqlar, çünki onların düşüncə tərzi bəllidir və bunu dəyişmək mümkün deyil. Odur ki, gürcü xalqının Qərb sevdası gələcək baharlara qalacaq. Hələlik Rusiyadan itirdiklərini geri almaq üçün lazım olan dövrü sınaqdan keçirmək vaxtıdır. Bu baş tutmasa, yenidən Qərbin yanına qayıtmaq olar. Baş tutsa isə Rusiyanın gələcəyi məsələləri həll edəcək. Çünki coğrafiya anlayışı hər şeydən üstün gəlir".

Geri qayıt