Əsas Səhifə > Güney Press > Azərbaycan tarixinin ən böyük uğurlarından biri
Azərbaycan tarixinin ən böyük uğurlarından biri5-11-2024, 08:30 |
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən parad bir daha təsdiq edir ki, Azərbaycanın bütün parametrləri dəqiq hesablamalara əsaslanan uzun müddətli strategiyası var. Xankəndi şəhərində Vətən müharibəsi Zəfərinin üçüncü il dönümünə həsr olunan hərbi parad Azərbaycan dövlətinin möhkəm siyasi iradəsini, ordumuzun gücünü və xalqımızın birliyini dünyaya bir daha nümayiş etdirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbə və 2023-cü ildə həyata keçirilmiş anti terror tədbirlərinin nəticələri 30 il davam edən işğala son qoymaqla yeni bir tarixi mərhələnin başlanğıcı olub. Vətən müharibəsində nəinki Ermənistan hakimiyyəti, eləcə də uzun bir dövr ərzində işğal faktına etinasız qalan, Ermənistana qarşı sərt tədbirlər görməkdən qaçan, əksinə, müxtəlif yollarla bu işğala bəraət qazandırmaq istəyən dairələrə Azərbaycan xalqının öz ali məqsədlərindən geri dönmədiyini göstərdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılması şüurlu seçimidi. Məhz Müzəffər Ali Baş Komandanın müdrikliyi, hadisələri dəqiq qiymətləndirmək məharəti reallıqlara, dünyada və regionda gedən proseslərə adekvat qərar qəbul edilməsinə imkan verdi. Keçən il noyabrın 8-də Xankəndidə keçirilən parad bir daha təsdiq edir ki, Azərbaycanın düşünülmüş, bütün parametrləri dəqiq hesablamalara əsaslanan uzun müddətli strategiyası var. Hesab edirəm ki, bizim qələbələrimizin, əldə etdiyimiz nailiyyətlərin əsasında məhz bu amil dayanır. Azərbaycan ordusunun yüksək peşəkarlığı, əsgər və zabitlərin vətənpərvərliyi, eləcə də xalqımızın həmrəyliyi 30 il davam edən işğala son qoymağa imkan yaratdı. Bu 30 il ərzində biz bütün sahələrdə fəaliyyətimizi məhz işğalda olan ərazilərin azad edilməsinə istiqamətləndirə bildik. İqtisadi, siyasi, hərbi sahədə əldə olunmuş hər bir uğur bir amala xidmət edirdi. Müzəffər Ali Baş Komandanın da qeyd etdiyi kimi, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib və heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmayıb. Vətən müharibəsində də, antiterror tədbirləri zamanında da Azərbaycan ordusu yalnız legitim hərbi hədəflərə zərbə endirirdi. Mülki infrastruktura və dinc sakinlərə zərər yetirilməməsi üçün maksimum diqqətli və məsuliyyətli davrandı. Bu da bizim silahlı qüvvələrimizin peşəkarlığını və Azərbaycan dövlətinin, xalqının humanist xarakterini əks etdirir. Azərbaycan geosiyasi situasiyanın kifayət qədər mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə zəfər qazanıb. Bu, bizim qələbəmizin əhəmiyyətini və dəyərini artıran ən vacib məqamlardan biridir. Azərbaycan xalqı məhz bu mənada tarixinin ən böyük uğurlarından birinə imza atıb. Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ" Geri qayıt |