Əsas Səhifə > Güney Press > Azərbaycanda Monqolustan ətləri

Azərbaycanda Monqolustan ətləri


Dünən, 18:04
Azərbaycanda Monqolustan ətləri
Son günlər ölkəmizə Monqolustandan gətirilən ət məhsulların artması ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur.

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb.

2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir:

“Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.
Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

Sualımızı cavablandırmaları üçün iqtisadçı ekspertlər Xalid Kərimliyə və Natiq Cəfərliyə müraciət etdik.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan ət məhsulları ilə yanaşı qonşu dövlətlərdən diri heyvanlar da alır: “Təbii ki, alınan ət məhsulları və heyvanlar olmasa bazarda qiymətlər daha yüksək olar. Xaricdən məhsulların idxal edilməsi daxili bazardakı qiymətlərin stabil qalmasına şərait yaradır”.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycana xaricdən gətirilən dondurulmuş ət bazara demək olar ki, təsir etmir: “Çünki o ətlərin spesifik istifadə yerləri var. Buraya həm dövlət sifarişləri, həm də özəl sifarişlər daxildir. Məsələn ordunun, məktəblərin, bağçaların, uşaq evlərinin ehtiyacları, eyni zamanda tenderlər vasitəsilə müqavilələr əsasında müəssisələrin təminatı bunlara aiddir. Xaricdən gətirilən dondurulmuş ətlər daha çox bu sahələrdə istifadə olunur. Onların daxili bazara heç yoxdur demirəm, amma yox dərəcəsindədir”.

Geri qayıt