Əsas Səhifə > Güney Press > Ət indikindən 30 faiz baha ola bilərdi:

Ət indikindən 30 faiz baha ola bilərdi:


4-11-2024, 18:02
Ət indikindən 30 faiz baha ola bilərdi:
Belarus Universal Əmtəə Birjasında (BUƏB) Azərbaycana ət məhsullarının ixracı üzrə ilk əqdlər qeydə alınıb və iki əqd üzrə ümumi alış həcmi 18 ton təşkil edib.

Bu barədə BELTA -ya BUƏB-in mətbuat xidməti məlumat verib.

Satıcı qismində Brest vilayətinin aparıcı ət emalı müəssisələrindən biri, alıcı qismində isə qida sənayesi üçün ət və ət məhsullarının idxalı üzrə ixtisaslaşmış Azərbaycan ticarət təşkilatı çıxış edib. BUƏB-in məlumatına görə, əvvəllər Azərbaycan iştirakçıları əsasən taxta-şalban və süd məhsulları alırdılar, hazırda isə ət və ət məhsulları seqmentində əmtəə nomenklaturasının genişləndirilməsi Belarus və Azərbaycan arasında birja ticarətinin inkişafı üçün yeni imkanlar açır.

Beləliklə Azərbaycan Rusiya və Çindən sonra Belarus ilə birja dövriyyəsi həcminə görə üçüncü yeri tutur. Bu ilin 10 ayı ərzində bu ölkənin şirkətləri 91 milyon ABŞ dollarından çox birja əməliyyatları həyata keçiriblər. Bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,5 dəfə çoxdur. Üstəlik, bunların hamısı Belarus mallarının ixracı olub - əsasən ağac emalı sənayesi məhsulları, hansı ki, bu, tədarüklərin 90 %-ni təşkil edib.

Maraqlıdır, ölkəmizdə ətin qiymətinin artacağı barədə məlumatların yayıldığı ərəfədə ölkəmizə ət məhsullarının ixracı qiymətə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a deyib ki, ətin qiymətin ucuzlaşması idxal hesabına baş verə bilməz:

“Azərbaycanda 2022, 2023-ci illə müqayisədə 2024-cü ildə ət idxalı artıb. Bu il təxminən xırdabuynuzlu heyvanların idxalı 3-4 dəfəyədək yüksəlib.

Belarusdan ət idxal edilməsi buna bariz nümunədir. Lakin nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni, idxal edilən məhsullar qiymətin daha tez yüksəlməsinin qarşısını alır. Ona görə də ət idxalının həcmi çoxalacaq. Lakin ölkədə ət məhsullarının bahalaşmasının qarşısını almaq üçün ət idxalını daha çox artırmağa ehtiyac var”.

Ekspert bildirib ki, ət idxalın çox olmasına baxmayaraq, qiymət yenə bahadır:

“Ölkəmizə ət idxalı olmayacağı təqdirdə qiymətlər indiki səviyyədən 20-30 faiz daha baha ola bilərdi. Saxlanılan heyvan və bazara çıxarılan ətin həcmində əhəmiyyətli artım olmasa, qiymətlərin daha da bahalaşacağını güman edirəm. Buna səbəb yerli ət istehsalının aşağı olmasıdır”.

O qeyd edib ki, ətin ucuzlaşması yalnız ölkə daxilində heyvandarlığın inkişafı nəticəsində baş verə bilər:

“Ona görə də heyvandarlığın inkişaf etdirilməsi, fermerlərin dəstəklənməsi üçün tədbirlər görülməlidir. Qarabağ və Şərqi Zəngəzurda heyvandarlıqla məşğul olmaq üçün bütün lazımı potensial var. Bundan düzgün istifadə olunarsa, ölkəmizdə heyvandarlıq yetərincə inkişaf edə bilər”.

Geri qayıt