Əsas Səhifə > Güney Press > Turizm eksperti: "Ölkədaxili hotellərin əksəriyyəti dolacaq"

Turizm eksperti: "Ölkədaxili hotellərin əksəriyyəti dolacaq"


4-11-2024, 12:36
Turizm eksperti: "Ölkədaxili hotellərin əksəriyyəti dolacaq"
Azərbaycanda mötəbər tədbir olan COP29-un təşkili ölkəmizi dünyanın diqqət mərkəzində edəcəyi şübhəsizdir. Hazırda paytaxt Bakıda təhlükəsizlik səbəbindən yollarda intensivliyin azaldılması, həmçinin dövlət və hökumət başçılarının lazımi yerlərə anında çatması üçün şərait yaradılır.
COP29 dönəmində ciddi qapanma və məhdudiyyətlər olmasa da, onminlərlə turist Bakıya gələcək. Bu isə istənilən halda müəyyən sıxlığın yaranmasına səbəb olacaq. Bu səbəbdən Azərbaycanın tədbirə daha rahat və yüksək səviyyədə ev sahibliyi etməsi, paytaxtda sıxlığın qarşısını alması işin əsas tərəfidir. Əlbəttə ki, bir çox qurumların məsafədən işləyəcəyini, təhsil müəssisələrində tətilin olacağını, o cümlədən havanın mülayim keçməsini nəzərə alsaq, rayonlara səfər etmək daha məqsədəuyğun görünür.

Turizm eksperti Əziz Şiriyev məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlaması zamanı bildirib ki, pandemiya vaxtında Azərbaycanın daxili turizmi inkişaf edib və indi COP29 zamanında da birmənalı şəkildə daxili turizm inkişaf edəcək və özünü göstərəcək.

“Yerli əhali ya xaricə, ya da regionlarımıza səfər edirlər. İstər cənub, istər şimal, istərsə də şimal-qərb bölgəsinə bir-iki günlük turlar baş tutacaq. Xaricə də həmçinin hazırda qrup turları var. Dubaya, İordaniyaya, Qətərə və Türkiyəyə bir növ qrup şəklində turlar təşkil edilir. Bu da münasib qiymətə olur. Hotel, transfer, tur bələdçisi, ekskursiya xərcləri biletə daxil olmaqla. Eləcə də, ölkədaxili. Demək olar, hotellərin əksəriyyəti dolacaq. Bu da regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Biz özümüz də bu layihənin üzərində işləyirik. Regionda fermərlərin inkişafı, onların dövlət tərəfindən maliyyələşməsi, təlimlərin keçirilməsi kimi işlər görülür. Sonra turistləri kənd əhalisinin qapılarına aparırıq. Onlara kənd məhsulları satırlar. İstənilən halda urbanizasiya müsbət tendensiyadır, amma əks-urbanizasiya da lazımdır. “Şəhərdən Kəndə” layihəsi çərçivəsində sözügedən proses getməkdədir. Bunun üzərində ciddi şəkildə işləyirik ki, regionlardan Bakıya doğru deyil, Bakıdan regionlara doğru səfərlər olsun. Çünki paytaxt bir ədəddir, rayonlar çoxdur.

Xüsusən də işğala, Qarabağ həsrətinə son qoyulub. Hazırda Qarabağa kifayət qədər maraq var. Bu yaxınlarda Dövlət Turizm Agentliyi də Qarabağ, Şəki, Qəbələ, Xızı və s. istiqamətlərə marağı artırmaq üçün infotur həyata keçirdi. Turizm şirkətləri və mətbuat işçiləri orada iştirak etdilər”, - deyə Əziz Şiriyev qeyd edib.

Ekspertin sözlərinə görə, qarşıdan Zəfər Günü də gəlir və Qarabağ istiqamətinə xeyli yerli vətəndaşlar səfər edəcəklər.

“Hətta digər istiqamətlərə də ölkəmizdə yaşayan xarici vətəndaşlar getmək istəyirlər. Çünki Bakıda kifayət qədər sıxlıq olacaq. Əslində, biz ev sahibi olduğumuz üçün qonaq sahibi sayılırıq. Biz şərait yaratmalıyıq ki, gələn qonaqlar maksimum səviyyədə burada tədbirdə rahat iştirak edib ölkələrinə qayıda bilsinlər. Biz həm dövlətin maraqlarına dəstək olmuş oluruq, həm də regionların inkişafına töhfə vermiş oluruq”, - deyə Əziz Şiriyev əlavə edib.

Geri qayıt