Əsas Səhifə > Güney Press > ABŞ yəhudiləri kimə səs verəcək?
ABŞ yəhudiləri kimə səs verəcək?4-11-2024, 11:14 |
ABŞ-də keçirilən prezident seçkilərində bir sıra təhlilçilər Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbə şansının yüksək olmasını yəhudi lobbisibinin və İsrailin dəstəyinə malik olması ilə izah edir. İrana qarşı sərt mövqeyi ilə seçilən Trampın İsrailin hazırda Yaxın Şərqdə apardığı müharibənin tərəfdarı olduğu nəzərə alınaraq, sabiq prezidentin yəhudi maraqlarının ifadəçisi kimi yenidən Ağ Evə qayıdacağı proqnozlaşdırılır. Yəni, İsrail-İran qarşıdurmasına münasibətin seçkilərə həlledici təsiri olacağı bildirilir. Bu baxımdan, Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisin Donald Trampa uduzduğuna dair fikirlər səslənir. Qeyd edilən rəylərin nə qədər həqiqət olduğunu öyrənmək üçün Kamala Harrisə, daha doğrusu, Harrisin ailəsinə necə deyərlər, bir qədər yaxın "oturmaq" kifayətdir. Bu zaman yəhudulərin Kamala Harrisə, yoxsa Trampa daha yaxın olduğunu müəyyənləşdirmək olar. Xanım Harrisin həyat yoldaşı Duqlas Emhoff milliyyətcə yəhudidir. Corctaun Universitetinin professoru olan hüquqşünas Emhoff ABŞ-dakı yəhudi diasporu və lobbi dairələrində populyar şəxs kimi tanınır. Yəni, Kamala Harrisin yəhudilərə və İsrailə münasibətdə ailə bağları var. Hətta xanım Harris 2017-ci ildə əri Duqla birlikdə Qüdsə səfər edərək yəhudilərə məxsus xatirə muzeyini ziyarət edib və xatirə kitabına ürək sözlərini yazıb. Sadəcə olaraq, Harrislə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Yaxın Şərqdəki əməliyyatlarla bağlı fikir ayrılığı var. Yəni, xanım Harris Ukraynada ağır müharibə getdiyi bir vaxtda İsrailin geniş miqyaslı regional savaşa girməsini istəmir. Bu da ABŞ-nin daxili məsələsi olmadığı üçün seçkilərə ciddi təsir göstərə bilməz. Bütün ölkələrdə olduğu kimi, ABŞ-də da yəhudiləri ərazisində yaşadıqlarları dövlətdə onlara göstərilən münasibət maraqlandırır. Hansı hakimiyyət yəhudilərin təhlükəsizliyini və hüquqlarını daha yaxşı təmin edəcəksə, həmin siyasi qüvvənin lehinə səs verirlər. Təl-Əvivin apardığı müharibəyə isə daha çox xarici siyasət məsələsi olmaqla yanaşı, İsrail dövlətinin daxili işi kimi baxılır. Bu baxımdan, Donald Tramp ABŞ yəhudiləri üçün əlverişli namizəd hesab edilmir. Onun rasist bəyanatlarını yəhudilər özləri üçün təhlükə hesab edir. Kamala Harrisin həyat yoldaşı isə ABŞ-də antisemizmə qarşı mübarizənin lideri kimi ad çıxarıb. Hətta Duqlas Emhoff Bayden adminstrasiyasında antisemitizmlə mübarizə proqramına rəhbərlik edir. ABŞ-dəki yəhudilər Harrisin həyat yoldaşının dəstəyi sayəsində özlərini daha ənin-aman hiss edirlər. Emhoff ABŞ-nin yəhudi diasporu və lobbisinin aparıcı liderlərini 2023-cü ildə Ağ Evə çağıraraq antisemitizmlə mübarizə mövzusunda mətbuat konfransı təşkil edib ki, bu da onun nə qədər nüfuz sahibi olduğunu göstərir. Duqlas Emhoff hesab edir ki, Trampın mühafizəkar və antisemit fikirləri ABŞ yəhudiləri üçün təhlükə yaradır. Kamala Harrisin əri son illər Konqreslə koordinasiyalı şəkildə keçmiş prezident Donald Trampa və onun antisemit baxışlarını təbliğ edən müttəfiqlərinə hücum edir. Onun bu fikirləri Amerika yəhudiləri arasında geniş yayılıb ki, bu da Trampın seçkilərdəki mövqeyinə ciddi zərbə vura bilər. 2023-cü il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibənin başlamasından sonra Emhoff məktəblərdə və universitet şəhərciklərində antisemitizmin artmasından narahatlığını ifadə edib. Göründüyü kimi, ABŞ yəhudiləri hansı namizədin onların təhlükəsizliyini və hüquqlarının qoruya biləcəyi üzərində seçim etmək barədə düşünürlər. Bu mənada, ABŞ və İsrail yəhudilərinin maraqları seçki prosesində fərqlənir. Qeyd edilən səbəbdən, 2020-ci ilin prezident seçkiləri zamanı ABŞ yəhudilərinin 80 faizi Co Baydeni dəstəkləmişdi. İndi isə Birləşmiş Ştatlarda yaşayan yəhudilər ya Donald Trampı, ya da Harrisə səs verməklə əslində, Duqlas Emhoffu seçməlidir. Tramp qələbə qazanacağı təqdirdə, müharibə aparmaq üçün Netanyahu hökumətini dəstəkləyəcəyini vəd edir. Əslində, İsrail məsələsində Emhoff xanımını siyasi cəhətdən kompensasiya edəcək nüfuza malikdir. Çünki demokratların İsraili Qəzzada apardığı hərbi əməliyyatları dayandırmaq çağırışından istifadə edən respublikaçılar yəhudi icmasını seçkilərdə Trampın xeyrinə yönəltməyə çalışır. Bu baxımdan, yəhudilər arasında nüfuz qazanmış Duqlas Emhoff yalnız Harris üçün deyil, demokratların da xilaskarı ola bilər. İkincisi, Trampla müqayisədə Harris ABŞ-dəki qaradərili elektoratın səsinin böyük hissəsini qazanacaq. Ağdərili seçicilər məsələsində isə yenə də onun əri balanslaşdırıcı rol oynaya bilər. Emhoffun ağdərili olması onunla eyni irqdən olan elektoratın Harrisin xeyrinə səs verməsi üçün stimul hesab edilir. Emhoff namizəd olmasa da, Trampın məğlubiyyəti nəticəsində ABŞ-dəki yəhudilərə qarşı ayrıseçikiliyin qarşısının alınması və firavan yaşayışın təmin edilməsi üçün yeni imkanlara sahib ola bilər. Çünki Harris prezident seçilərsə, Emhoff ABŞ tarixində Ağ Evdə 1-ci centlmen və ya birinci ər statusu qazanmış ilk yəhudi olacaq. Müşfiq Abdulla "Cebheinfo.az" Geri qayıt |