Əsas Səhifə > Güney Press > Avropa anti-Tramp strategiyası hazırlayır

Avropa anti-Tramp strategiyası hazırlayır


4-11-2024, 10:08
Avropa anti-Tramp strategiyası hazırlayır
Avropalı siyasətçilər Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyi ehtimalına hazırlıq görürlər.

Reyting.az-ın xəbərinə görə, “Vaşinqton Post” qəzeti beş Avropa ölkəsindən 15 rəsmi, siyasətçi, diplomat və aparıcı analitiklə söhbətlərə istinadla yazır ki, hazırda ticarət müharibəsindən qaçmaq və gözlənilməz təhlükəsizlik vəziyyətlərinə hazırlaşmaq üçün strategiyalar hazırlanır.

Xatırladaq ki, D. Tramp NATO birliyini hədələyib və yüksək idxal tarifləri tətbiq edəcəyinə söz verib. Przeidentliyə digər namizəd Kamala Harris isə Şimali Atlantika Alyansını dəstəkləsə də, ölkənin diqqətini Şərqi Asiyaya yönəldə bilər. Bununla belə, Avropa İttifaqının baş qərargahında fəaliyyət göstərən sürətli cavab işçi qrupu ilk növbədə Trampla bağlı strategiya hazırlayır.

“Bir şey aydındır: ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, burada ABŞ-nın diqqəti daha çox Hind-Sakit okean regionuna yönələcək”,- Almaniya Müdafiə Nazirliyinin sözçüsü Mixael Stempfle deyib.

Avropa da Ukraynaya dəstəyi qorumağa çalışır. Jurnalistlərin fikrincə, rəsmilər hələ seçkilərdən əvvəl ukraynalılar üçün yardım paketlərinin “sıxılmasının” tərəfdarıdırlar.

Bu arada NATO-nun yeni komandanlığı ölkəyə hərbi yardımın koordinasiyası üzrə Pentaqonun bəzi öhdəliklərini öz üzərinə götürüb.

Almaniyalı deputat və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədr müavini Tomas Erndl vurğulayıb ki, Avropa indi xüsusilə təhlükəsizlik məsələlərində daha çox məsuliyyəti üzərinə götürməlidir: “Bu bir faktdır ki, Co Bayden ənənəvi mənada xarakteri və karyerası baxımından həqiqətən transatlantik olan son prezidentdir”.

Onu da xatırladaq ki, Amerikada prezident seçkiləri çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək. Bu vəzifə üçün vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp mübarizə aparır. Artıq ABŞ-da 72 milyondan çox vətəndaş erkən seçkilərdə səs verib. Bir sorğu Harrisin insanlar arasında daha çox dəstəyə malik olduğunu göstərir.

Geri qayıt