Əsas Səhifə > Güney Press > Dövlətin əsas qanunu: Konstitusiya...

Dövlətin əsas qanunu: Konstitusiya...


4-11-2024, 08:52
Dövlətin əsas qanunu: Konstitusiya...
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də
keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il
noyabrın 27-dən qüvvəyə minib. Artıq 28 ildir Azərbaycan noyabrın 12-ni
Konstitusiya günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk,
ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas
qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun
tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən
hər 3 konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil
dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun üçün ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya
Konstitusiya layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə
çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil
Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət
sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil
Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86
faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin
lehinə səs verdi.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk
Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyamızda
insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya
ideallarına sadiqliyinin göstəricisidir. Ölkəmizin sürətli inkişafı nəticəsində
yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci ilin
avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum
yolu ilə Azərbaycan Konstitusiyasına əhəmiyyətli dəyişikliklər və əlavələr
edilib.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza
yaratdı və onun inkişafına güclü təkan verdi.
Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən
hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt