Əsas Səhifə > Güney Press > Müstəqil dövlətin Konstitusiya günü

Müstəqil dövlətin Konstitusiya günü


4-11-2024, 08:13
Müstəqil dövlətin Konstitusiya günü
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz
dövlətinin Əsas Qanununu — Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya
müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır.
"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali
hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır.
Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın yaranması
hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların
olmasına zərurət yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət
quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərarqəbul etmə
qaydalarını müəyyənləşdirən ali qanun — Konstitusiya yaradıldı.
Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan
dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir
qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda
dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin
siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn,
Almaniya Federativ Respublikasının, İtaliya və Yaponiyanın konstitusiyaları
bu ölkələrin II Dünya müharibəsində məğlubiyyətindən sonra yenidən qəbul
edilib. ABŞ Konstitusiyası isə, əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir.
Böyük Britaniyada isə məsələ başqa cürdür. Burada konstitusiya tipli ali
qanun yoxdur. Ölkənin idarə olunması çoxəsrlik tarixi olan ənənələrin və
ayrı-ayrı qanunların əsasında həyata keçirilir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul
etməsə də, Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz
edirdi. 1920-ci il aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət
quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin
formalaşmasına başlandı. Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il
mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı
Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi.
1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı
Azərbaycan SSR-in ikinci Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya
1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi.
Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də
qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in
dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım idi, çünki
SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə
respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli
siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o
zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu sənədə görə
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin
Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini
hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət
komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də
qüvvəyə minmişdir.
Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət
qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin
demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail
olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar
iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s.
kimi nailiyyətlər təsbit olunmuşdu.
Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati
sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü
doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz
demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız
öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır.
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli
Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya
standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan
Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa
Şurasına üzv qəbul olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına
yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini
Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər
Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan
Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum
keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və
əlavə edildi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt