Əsas Səhifə > Güney Press > Az da olsa, belə təşkilatlar da var...
Az da olsa, belə təşkilatlar da var...4-11-2024, 08:11 |
Praktikada öz funksiyalarını qanunla nəzərdə tutulan qaydada yerinə yetirə bilməsədə, bu Təşkilat, Həmkarlar Təşkilatı-İşçilərin İctimai Birliyidir, onların hüquqlarını qorumalı olan Təşkilatdır. Bu səbəbdən də Həmkarlar Təşkilatın üzvləri - Həmkarlar təşkilatlarının ləğvini deyil, gücləndirilməsinə nail olmağa çalışmalıdırlar. Praktikada olduğundan fərqli olaraq əmək və həmkarlar ittifaqı haqqında qanunvericiliyə uyğun fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə çalışan az da olsa təşkilatlar da var. Son dövrlərdə: "həmkarlar təşkilatları ləğv edilsin"və ya"üzvlükdən necə çıxım" kimi təkliflərə mütamadi olaraq rast gəlirik və çox təəssüf ki, bunu yazanların və ya deyənlərin də əksəriyyəti təşkilatın üzvü olan işçilərdir. Bu təkliflərin yanlış olduğunu və xüsusən də işçilərin əlehinə olduğunu əsaslandırmağa çalışacam. Bir daha bildirirəm ki, bu təklif ilk növbədə işçilərin birliyinin ləğvi ilə əlaqədar olduğundan, işçilərin özlərinin ziyanınadır və bu gündə az da olsa bu sahədə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışan, xüsusən də neft və qaz sahəsində olan və vəzifəsini layiqincə yerinə yetirməyə çalışan nüfuzlu həmkarlar təşkilatları və sədrlərinin (az da olsa adlarını da çəkə bilərəm) iş və ya zəhmətlərini və əməyini də heçə yendirir. Nəzərə almaq lazımdır ki,həmkarlar təşkilatı: ilk növbədə işçilərin-əmək, iqtisadi və sosial hüquqlarının müdafiəsi sahəsində birliyidir, kollektiv hüquqi müdafiədir, əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirir, istehsalatla bağlı bütün proseslərdə iştirak edə bilər, işçinin işdən azad olmasının qarşısını ala bilər,əmək haqqının azalmasının qarşısını ala bilər, qanunsuz işdən azad edilmiş və ya hüququ pozulmuş işçini birbaşa olaraq özü və ya vəkil vasitəsilə məhkəmədə müdafiə edə bilər, əməyin mühafizəsi, güzəşt və təminatlar barədə və sair sahələrdə kollektiv müqavilə bağlayar və sair hüquq və vəzifələri həyata keçirə bilər. Bir halda ki, bu işçi təşkilatıdırsa və onların hüquqlarının müdafiəsi üzrə işləyirsə və ya işləməlidirlərsə, nədən işçilər bu təşkilatın ləğvini istəyirlər. Mənim fikrimcə bu təşkilat ləğv deyil, aşağıdakı qaydada işləməsinə çalışmaq lazımdır: ilk olaraq seçki barədə, bu təşkilata əmək kollektivində nüfuzu olan və bu sahədə əmək qanunvericiliyindən az da olsa məlumatlı olan şəxslər seçilməlidirlər. Bu təşkilat işçilərdən əlavə ilk növbədə İşəgötürən və onun nümayəndələri ilə işləməyə və ya yaxşı mənada əməkdaşlığa məcburdur. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə uyğun olaraq nə qədər də "bərabər tərəflər" desəkdə bu əmək münasibətlərində İşəgötürən dominant vəya güclü tərəfdir və əsas məsələlərdə də diqtə edən tərəfdir, bu əsasdan da İşəgötürənlərə münasibətdə əsas əmək münasibətlərinin güc və ya hədə-qorxu ilə deyil, daha çox dialoq və ya qarşılıqlı anlaşma yolu ilə həll edilməsi daha münasibdir. Eyni zamanda İşəgötürənlərin də marağındadır ki, əmək kollektivi ilə hər hansı bir əmr mübahisəsi olmasın, olduğu halda isə bunu dialoq yolu ilə həll etsin. Bu əsasdan həmkarlar təşkilatına, idarə heyətinə və sədrliyinə ilk növbədə müəssisədə: nüfuzu olan, ədələtli və tolerant, dünyagörüşü və peşəkarlığı olan, işçilərlə bərabər işəgötürənin də marağını nəzərə alan, danışıqlar apara bilən, dialoq qura bilən, müəssisənin iqtisadi maraqları xatirinə güzəştə gedə bilən və hər bir əmək münasibətinin və ya mübahisəsinin danışıqlar yolu ilə həll edən və sair müsbət xüsusiyyətlərə malik şəxslər seçilməlidir. Şübhəsiz ki, seçilmiş şəxslərin AR-nın Əmək Məcəlləsinin, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanunundan və bu sahəyə aid digər normativ hüquqi aktlardan minimum da olsa müəyyən anlayışı olmalıdır. Bu əsasdan da bir daha bildirirəm,həmkarlar təşkilatlarının ləğvini deyil, onun istehsalatda layiq olduğu yerdə və mövqedə olmasını və qanunvericiliyin tələblərinə uyğunçalışmasını təmin etməliyik. Bir faktı da nəzərə alın ki, təşkilata daxil olmaq və çıxmaq könüllüdür. Bir daha təkrar edirəm, bu təşkilat işçilərin birliyidir, bu təşkilatları da işlətmək və qanunvericiliyə uyğun olaraq işlətmək isə ilk növbədə işçilərin vəzifəsidir və onların mənafelərinə xidmət edir. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" Geri qayıt |