Əsas Səhifə > Güney Press > “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi”
“Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi”Bu gün, 13:28 |
Hərbi-siyasi ekspert Azad İsazadə “AzPolitika”-ya müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkün perspektivləri, ABŞ-dəki prezident seçkiləri, Gürcüstanda baş verən hadisələr, eləcə də regionda gedən digər proseslərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik: - Azad bəy, Kazanda ölkə başçısı İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra sülh danışıqlarındakı irəliləyişlə bağlı nikbin açıqlamalar var. Sizcə, bu açıqlamalar real bir məzmun kəsb edirmi? Müzakirələr Azərbaycanın təkliflərinə uyğun olaraq razılaşdırılmamış maddələr ətrafında aparılır. Siz bu istiqamətdə hansı yenilikləri gözləyirsiniz? - Sülh müqaviləsi sözsüz ki, gec-tez bağlanacaq. Problem ondadır ki, ilk mərhələdə hər iki tərəf – istər Azərbaycan, istərsə də Ermənistan şərtləri çox kəskin qoymuşdu. Hər bir danışıq prosesində əvvəlcə həyəcan yaranır, sonra yavaş-yavaş hansısa məsələlərdə güzəştlərə gedilir. Azərbaycan mühüm məsələdə vacib güzəştə getdi... - Hansı məsələdə? - Kommunikasiya məsələlərini müqavilədən çıxartdı ki, bunu sonra danışarıq. Çünki Ermənistanda ən böyük problem Zəngəzur dəhlizinin açılması idi. Amma söhbət təkcə Zəngəzur dəhlizindən getmir, ümumiyyətlə, kommunikasiyalardan gedir. Ermənistan tərəfi faktiki olaraq razılaşdı ki, kommunikasiyalar heç bir istiqamətdə açılmayacaq, bu, sonra müzakirə ediləcək. Beləcə, bu məsələ aradan götürüldü. Sonra bir neçə məsələlər də var ki, havada qalıb. Amma sözsüz ki, bunun üzərində də işçi qruplar çalışırlar. Bu gün Ermənistan sülh müqaviləsinin imzalanmasına tələsir. Əvvəl belə deyildi, məsələni mümkün olduğu qədər ləngitməyə çalışırdılar. İstəyirdilər ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsi ortalığa atılsın. Düşünürdülər ki, Qərb də bunları dəstəkləyəcək. İndi isə bu məsələlər danışıqlar prosesindən çıxarılıb. Amma yenə də mühüm problemlər qalıb. Problemlərdən biri odur ki, sabah Ermənistanda hakimiyyət dəyişsə, ölkə konstitusiyasına görə, yeni hökumət “bu anlaşma konstitusiyaya ziddir” deyərək müqaviləni ləğv edə bilər. - Ötən gün Ararat Mirzoyanın belə bir açıqlaması var idi ki, Kazandakı danışıqlarda yeni formula müzakirə olunub. O, qeyd edib ki, bu formula üzrə razılığa gəlmək mümkündür. Burada konstitusiyaya dəyişiklik məsələsi də nəzərdə tutula bilərmi? - Konstitusiyada konkret olaraq Qarabağ haqqında heç nə yazılmayıb. Amma preambulada Müstəqillik Bəyannaməsinə istinad var. Orada qeyd olunub ki, Qarabağ Ermənistanın ərazisidir. Deməli, bir ildən sonra yeni seçilmiş Konstitusiya Məhkəməsinin hansısa üzvləri bu məsələdə yeni bir şərh verə bilərlər. Tərəflər bir-birinə inanmırlar, ikisinə də real qarantiya lazımdır. Kənardan qarantiya təklif edənlər - Rusiya, ABŞ, Fransa başlayırlar öz maraqlarını diqtə etməyə. Danışıqların gedişinə müsbət təsir edən məqam arada heç kimin olmamasıdır. Birbaşa danışıqda hər tərəf öz marağını güdür. Sözsüz ki, danışıqlar prosesi ABŞ-də gedən seçkilərlə də bağlıdır. Təkcə biz yox, Ukraynada və İsraildəki prsoseslərin də ora bağlılığı var. ABŞ-də Azərbaycanın əsas dəstəkçisi respublikaçılardır. Çünki onlar daha çox ABŞ-nin maraqları ilə məşğul olurlar, neft kampaniyalarını dəstəkləyirlər. Donald Trampın özü də hər hansı problemə girişən biri deyil. Demokratları isə erməni lobbisi dəstəkləyir. Ona görə də Ermənistan ümid edirdi ki, hakimiyyətə demokratlar gəlsə, ABŞ Azərbaycana daha çox təzyiq göstərəcək. Amma təxminən 10 gündür ki, keçirilən sorğularda Trampa dəstəyin artdığı görünür. Trampın seçilmə şansı çoxdur. Amma Tramp seçilsə belə, yanvara qədər demokratlar hakimiyyətdə olacaq. - Biz kənar təsirlərdən danışdıq. Bu günlərdə Fransanın Ermənistandakı səfiri Oliver Dikkottini yerli mətbuata müsahibəsində sülh prosesinə dağıdıcı təsir edən 3 məsələni səsləndirmişdi. Birincisi, Avropa missiyasının Ermənistanda fəaliyyətinin genişləndirilməsi və uzadılmasıdır. Hansı ki, Azərbaycan qəti şəkildə bunun əleyhinədir. İkincisi, Fransa Qarabağ ermənilərinin geri qaytarılmasını israrlı şəkildə qaldırır. Üçüncü məsələ Ermənistanın silahlandırılması ilə bağlı Fransanın öhdəliklərini yerinə yetirdiyini və digər dövlətlərin də prosesə qoşulmasında maraqlı olduğunu ifadə edib. Bu amillər sülh danışıqları prosesindəki hazırki nikbinliyə mənfi təsir edə bilərmi? - Sözsüz ki, təsir edir. Ermənistan silahlanma prosesində Hindistan, Fransa və ABŞ ilə əməkdaşlığı genişləndirir. Ermənistan bu yolla özünü nisbətən daha rahat hiss edir. Çünki 2020-ci ildən bəri praktiki olaraq Ermənistan ərazisi müdafiəsiz qalmışdı. Azərbaycan ordusu istəsəydi, Ermənistanın bütün ərazisini nəzarət altına götürə bilərdi. Ordu faktiki olaraq dağılmışdı, yox idi, olan qalan hissələr də müqavimət göstərə bilməzdi. Sadəcə, Azərbaycan istəmədi. Azərbaycan şərti sərhəddə dayandı ki, bizə artıq torpaq lazım deyil. İndi Ermənistan tərəfdarlarına arxalanıb, ümid edir ki, hansısa kənardan köməklər, təzyiqlər nəticəsində Azərbaycan öz mövqeyini yumşaldacaq. Amma onsuz da Azərbaycan yumşaq mövqedən çıxış edir. Məsələn, Bakı 2023-cü il sentyabr əməliyyatından sonra Qarabağ ermənilərinin Azərbaycana qayıtmasına qarşı heç vaxt çıxış etməyib. Ətraflı - Amma bu qayıdış müəyyən şərtlərə bağlıdır... - Bəli. Şərtlər dedik. Baxın, bu gün Fransa öz ərazisində milli azlılqları tanımır. Deyir ki, hamısı fransızlardır. Biz sadəcə deyirik ki, Azərbaycan vətəndaşı kimi yaşayırsansa, qanunları qəbul edirsənsə, gəl yaşa, istəmirsənsə öz seçimindir. Qarabağ ermənilərini heç Ermənistan da öz vətəndaşı kimi tanımır. İndi belə bir vəziyyət yaranıb ki, onlar Avropaya gedərkən “şengen” vizası ala bilmirlər. Əllərində erməni pasportu var, amma orada nömrələrlə bilmək olur ki, məsələn, bu adam Qarabağdandır. Avropa çalışır ki, belə ermənilərə viza verməsin. Deməli, bu adamlar heç bir dövlətin vətəndaşı deyillər. Ermənistan onları tanımır, Azərbaycanın da şərtləri məlumdur. Heç bir yerdə qeydiyyatda olmayan, heç bir dövlətin vətəndaşı olmayan 100-150 min ermənini niyə ölkəmizə qəbul edək? - Bu, azərbaycanlıların vaxtilə qovulduğu tarixi ərazilərə qayıtmasını şərtləndirir... - Rəsmi olaraq şərtləndirdiyini deyə bilmərəm. Ümumiyyətlə, məsələni obyektiv həll etmək mümkündür. Məsələn, 10 min erməni Azərbaycanda yaşasın, 10 min azərbaycanlı da Ermənistanda. Bütün ölkəyə səpələnməsinlər. Sovet dövründə olduğu kimi, azərbaycanlılar Zəngəzurda, ermənilər də Xankəndidə yaşasınlar. Tərəflər arasında qarantiya isə həmin bu 10 min nəfər olsun ki, sabah hər hansı bir problem baş verməsin. Yerli məktəb, səhiyyə olsun, təhlükəsizlikləri təmin olunsun. Bunu müzakirə etmək mümkündür. Ancaq Azərbaycana şərt qoyurlar ki, Qarabağ erməniləri qayıtsınlar, azərbaycanlıların məsələsinə isə sonra baxarıq. Niyə sonra baxarıq? - Hazırda müzakirə olunan sülh layihəsində 17 maddə var. Onlardan 13-ü tam razılaşdırılıb, 3 maddə üzrə mövqelər yaxındır, 1-i ilə bağlı isə fikir ayrılığı var. Bu 17 maddədə nələr yazılıb? Hansılar daha prinsipial məsələlərdir? Bu barədə nə deyə bilərsiz? - Bunu açıqlamaq çətin olardı. Proses gedir deyə biz istəmədən və ya bilmədən nəyəsə ziyan vura bilərik. Bizi hansısa versiyanı açıqlayarıq və sonra tərəflər deyə bilərlər ki, bu məlumat mətbuat vasitəsilə sızdırılıb, sonra buna baxarıq. Ona görə də bu məsələyə toxunmasaq yaxşı olar. - Sülh sazişində ilin sonuna qədər bir razılıq əldə oluna bilərmi? - Yenə deyirəm, ABŞ-dəki seçkilərin çox təsiri olacaq. Tramp qalib gəlsə, yəqin ki, ilin sonuna qədər Ermənistan çalışacaq ki, nə qədər ki, demokratlar hakimiyyətdədir, hansısa bir razılığa gəlsinlər. Harris qazansa, yenidən prosesi uzatmağa başlayacaqlar. - İstərdik ki, Gürcüstandakı seçkilərin region üçün nəticələrini də dəyərləndirəsiniz. Hələlik Gürcüstanda vəziyyət tam aydın deyil. Amma Ermənistan da, Azərbaycan da “Gürcü arzusu”nun qələbə münasibəti ilə təbrik etdi. Nəticələrlə bağlı sizin dəyərləndirməniz necədir? - İstər inqilabçı Saakaşvili, istər mühafizəkar İvanişvili dövründə Azərbaycan- Gürcüstan münasibətləri geniş strateji əməkdaşlıq fonunda davam edib. Ona görə də rəsmi Bakı seçkilərlə bağlı hansısa kəskin çıxışlar etmir. Aydındır ki, bizə indi Gürcüstanda inqilab sərf eləmir. Dinc keçid olsa, Azərbaycan üçün daha sərfəli olar. Çünki Gürcüstanla bizi enerji xəttələri bağlayır. Gürcüstan olmas, biz bu nefti, qazı Avropa bazarına çıxarmaqda çətinlik çəkə bilərik. Ona görə də bizə Cənubi Qafqazda sabitlik lazımdır. Bəli, “Gürcü arzusu” partiyası ruspərəst mövqe tutur. Mən hesab edirəm ki, müxalifət proseslərə müdaxilə etməkdə gecikdi. Etiraz edirdilərsə, həmin gün aksiyalara başlamalı idilər. Bir gün sonra prezidentin çağırışı ilə meydana toplaşdılar, 2 saatdan sonra da dağıldılar. Çox güman ki, bundan sonra da müxalifətin dinc aksiyaları davam edəcək və yavaş-yavaş sönməyə başlayacaq. Geri qayıt |