Əsas Səhifə > Güney Press > Keçmişdə qalan münaqişə

Keçmişdə qalan münaqişə


Bu gün, 12:47
Keçmişdə qalan münaqişə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin
tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri
milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin
Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu
münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və 20 faiz
torpaqlarımızın işğalı ilə nəticələndi.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı
Qüvvələrinin genişmiqyaslı təxribatına cavab Azərbaycan ordusunun
komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum
əməliyyatı başlaması barədə qərar verildi və İkinci Qarabağ müharibəsi
başlandı.
44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17
oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8
noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan üçtərəfli
müqaviləyə əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və hərbi
əməliyyatların tam dayandırılması elan edildi. Azərbaycan özü 30 illik
münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi
ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Yaşadığımız qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının
uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi
xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq
ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin
vətəndaşlarının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.
4 il bundan əvvəl 44 günlük Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə
başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 2020-ci il
noyabrın 10-na keçən gecə Ermənistan Respublikasının baş naziri Nikol
Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat
imzalamağa məcbur oldu.
Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən
əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi.
Ermənistan Respublikası tərəfindən “mina terroru”, o cümlədən erməni
silahlı qüvvələri tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə
tutulması, artıq mövcud olmayan qondarma xunta rejiminin ötən ilin
sentyabrında seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror
əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın davam edən və
peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi
tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm
ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu
gerçəkləşdirdi. Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq
Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Artıq
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət
bayrağını Xankəndində qaldırdı.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 15-də bir hissəsi
Ermənistanın işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad
edilmiş Tərtər rayonuna səfər edib. Dövlət başçısı parkın açılışında, Tərtər
rayonundakı Suqovuşan su anbarının təmir işlərindən sonra istifadəyə
verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın
dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə,
Xocavənddə, Xocalıda dalğalanır. Ötən il Şanlı Qələbənin üçüncü
ildönümü isə Xankəndidə təntənəli hərbi paradla qeyd edildi.
Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Hər
bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu.
Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan
müzəffər ordumuza borcluyuq. Hal-hazırda işğaldan azad edilən
torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü
və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə
uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan
rəhmət diləyirik!

Ağarəhim Baxışov- Dövlət İdarəçilik Akademiyası (DİA)
"DİA-AZ"

Geri qayıt