Əsas Səhifə > Güney Press > Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur...

Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur...


Bu gün, 08:59
Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur...
Dəfələrlə bildirmişəm və bir daha bildirirəm ki, qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi hal hazırda müasir dövrün tələblərinə cavab vermir, Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 1999-cu ildə qəbul olunub, həmin dövrdən keçən 25 il ərzində Əmək Məcəlləsinə edilən dəyişikliklər belə Əmək Məcəlləsində olan və bu gün üçün aktual olan problemləri həll edə bilməyib. Çünki, edilən dəyişikliklər problemi köklü olaraq həll etmir, bir çox hallarda isə heç bir əhəmiyyət daşımır.
Bu mövzuda Əmək Məcəlləsində olan və bu gün üçün daha çox mübahisə yaradan iki əmək mübahisəsi barədə danışacam və eyni zamanda həll yolunu da təklif edəcəm:
1. Mülki hüquqi müqavilələrin bağlanması.
2. Müddətli əmək müqaviləsinin bağlanması.
Mülki hüquqi müqavilələrin bağlanması əsas olaraq Əmək Məcəlləsinin7.2-3-cü maddəsi, müddətli əmək müqaviləsinin bağlanması isə bu Məcəllənin 45 və 47-ci maddələri ilə tənzimlənir.
Xüsusən də işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndindən, yəni, "tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə" əsasından sui istifadə edərək müəssisələrdə əksər işçilərlə müddətlı əmək müqaviləsi bağlanılır.
Mülki hüquqi müqavilələrin bağlanması ilə əlaqədar AR-sı Konstitusiya Məhkəməsinin 20 Oktyabr 2023-cü tarixli Plenum qərarı da qəbul olundu ki, bu qərarda Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 17 və 42 - ci maddələrini əsas tutaraq bildirilir ki: əmək münasibətlərində şəxsin mülki hüquqi müqavilə bağlamaq hüququ məhdudlaşdırıla bilməz. .
Göründüyi kimi bu münasibətlər AR-n Əmək Məcəlləsi ilə tənzimlənsə də və ya tənzimlənməsi ehtimal olunsada bu 2 əmək münasibəti ilə əlaqədar mübahisələr davam edir, məhkəmə, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində belə.
Yuxarıda göstərilənləri əsas tutaraq aşağıda göstərilən bu 2 əmək münasibəti ilə bağlı sadə olan təkliflərimi bildirirəm və hesab edirəm ki, əmək münasibətlərinin bu qaydada tənzimlənməsi daha düzgün olar:
1.Hər bir müəssisədə işçilərin ümumi sayının 10 faizindən çox olmayaraq - mülki hüquqi müqavilə bağlanıla bilər.
2.Hər bir müəssisədə işçilərin ümumi sayının 15 faizindən çox olmayaraq -müddətli əmək müqaviləsi bağlanıla bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt