Əsas Səhifə > Güney Press > Çox dərs yükü şagirdlərin yorğunluğuna,
Çox dərs yükü şagirdlərin yorğunluğuna,Bu gün, 08:45 |
“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib. “İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib: "Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək". Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, dərs yükünün çoxluğu həmişə yüksək savadlılıq səviyyəsinə gətirib çıxarmır: “Çox dərs yükü şagirdlərin yorğunluğuna, motivasiyanın azalmasına səbəb olur. Stres və ruh düşkünlüyü yaradır. Bu da öyrənmə prosesinə mənfi təsir göstərir. Qloballaşan dünyanın, cəmiyyətimizin və dövlətimizin tələblərinə uyğunlaşmaq üçün təhsil hər zaman dəyişməyə və yenilənməyə məhkumdur. Son 30 ildə müqayisədə texnologiya, biliklər və ixtisaslaşma sahələri sürətlə inkişaf edib. İnkişaf Azərbaycan təhsilində yeni fənlərin, mövzuların əlavə olunmasına və fənlərarası yanaşmaların tətbiqinə səbəb olub. 30 il əvvəl tədris olunan klassik təhsil bu günün tələblərini ödəmir. Təhsildə STEAM əsaslı inteqrativ təhsilə, texnoloji, rəqəmsal bilik və bacarıqlara yiyələnməyə zərurət var. Təəsüflər olsun ki, bu qədər dəyişmədən sonra belə bu gün də Azərbaycan məktəblisi PİSA beynəlxalq qiymətləndirməsində verilən suallara cavab verməkdə çətinlik çəkir. Dəyişimlər bir tərəfdən yaradıcı və digər tərəfdən isə dağıdıcı ola bilir. Bir tərəfdən dərs yükünü artırmağa məcbur qalsaq da, digər tərəfdən izafi yüklərin ağrılığı da var Azərbaycan məktəblisinin çiyinlərində. Ömürboyu həyatımızda rastlaşmayacağımız izafi bilik toplularının gələcək həyatımızda köməyimizə çatacaq bilik və bacarıqlarla əvəz olunmasına çalışmalıyıq. Dərs yükünün artması əslində zəruri ola bilər. Lakin dərs yükünün artması şagirdlərin psixoloji və fiziki gücünü nəzərə alaraq balanslaşdırılmalıdır”. Geri qayıt |