Əsas Səhifə > Güney Press > "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək"
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək"Bu gün, 18:08 |
"Hizbullah"' hərəkatının yeni lideri Naim Qasım vəzifəyə seçildikdən sonra ilk dəfə olaraq çıxış edərək bəyan edib ki, İsrailin zərbəsi nəticəsində sələfi Həsən Nəsrullahın ölümü hərəkat üçün ciddi zərbə olub. Moderator.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri məlumat yayıb. Naim Qasım bəyan edib ki, buna baxmayaraq, təşkilat sınmayıb, qısa zaman kəsiyində öz qüvvələrini bərpa edə bilib və İsrailə qarşı müqavimətini davam etdirmək əzmindədir. O, həmçinin tərəfdarlarına, bütün qurbanlara rəğmən, "Hizbullah"ın İsrail üzərində qalib gələcəyini vəd edib. Qasımın sözlərinə görə, "Hizbullah" atəşkəs xahiş etməyəcək və İsrail ilə müharibəsini öz şərtlərilə başa çatdıracaq. "Mənim iş planım Nəsrullahın planıdır. Biz onun və "Hizbullah" rəhbərliyi tərəfindən işlənib hazırlanmış hərbi planı gerçəkləşdirməkdə davam edəcəyik", - Qasım deyib. Qruplaşma lideri həmçinin İsrail baş naziri Binyamin Netanyahunun iqamətgahına dron hücumunu xatırladıb. Qasım deyib ki, "bu dəfə o, sağ qalıb, amma onun nə zaman öləcəyi bəlli deyil", bununla da o, baş nazirin çıxışlarının biri zamanı həlak ola biləcəyinə eyham vurub. İsrailin "Hizbullah"a cavabı özünü çox gözlətməyib. Oktyabrın 29-da İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər Qasım "öz sələfləri Həsən Nəsrullah və Həşim Səfiyəddinin yolu ilə gedərsə", onun vəzifədə olması "Hizbullah" tarixində "ən qısa müddət ola bilər. İsrail xarici işlər naziri İsrael Kats isə "X" sosial şəbəkədə yazıb: "İsrail Livanın "Hizbullah" terror təşkilatının yeni baş katibi Naim Qasımın "tez bir zamanda" təşkilatın bundan öncə aradan götürülən əvvəlki lideri Həsən Nəsrullahın ardınca getməyinə qayğı göstərəcək". Bu arada isə İsrail KİV-ləri öz növbəsində məlumat verib ki, Netanyahu təhlükəsizlik mülahizələri səbəbindən öz kiçik oğlu Avnerin toyunu təxirə salmağı düşünür. Tədbir noyabrın 26-na planlaşdırılıb. Bundan başqa, baş nazirin fikrincə, Knessetin iclasları keçirilən otağı dəyişmək lazımdır. "Kan 11" telekanalı qeyd edir ki, Netanyahuda narahatlıq doğuran dronlar hücumu təhlükəsidir. Naim Qasım oktyabrın 29-da "Hizbullah"ın yeni lideri seçilib. 1991-ci ildən o, hərəkatın baş katibinin müavini vəzifəsində olub. Qeyd edək ki, "Hizbullah" ABŞ və İsraildə, onun hərbi qanadı isə Avropa İttifaqında terrorçu təşkilat kimi tanınıb. Livanda isə leqal siyasi partiya kimi fəaliyyət göstərir və parlamentdə təmsil olunub. Həsən Nəsrullah qruplaşmaya 32 il rəhbərlik edib. Sentyabrın sonunda İsrail Müdafiə Ordusu onun qətlə yetirilməsi barədə məlumat verib. Nəsrullah İsrail qırıcılarının qruplaşmanın Beyrutdakı mərkəzi qərargahına hücumu nəticəsində həlak olub. Geri qayıt |