Əsas Səhifə > Güney Press > Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq?

Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq?


Bu gün, 18:04
Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq?
“Urmiya gölündə ekoloji problemlər davam edir”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, gölün durumu ilə bağlı yayılan son məlumata əsasən, suyun səviyyəsi normal ekoloji norma ilə müqayisədə 4 metr azalıb:

“Düzdür, son zamanlar göl hövzəsinə düşən yağıntının miqdarı artıb. Lakin ümumilikdə göldə suyun azalması davam edir. Hazırda Urmiya gölündə olan su həcmi 1 milyard 170 milyon kubmetrdir.

Mütəxəssislər bildirirlər ki, göldə minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum su həcmi isə 30 milyard kubmetr olmalıdır.

Gölün quruması regionda böyük ekoloji fəlakətə yol aça bilər.

Hətta xarici mütəxəssislər belə həyəcan təbili çalırlar.

Yaponiyanın İrandakı səfiri Sukada Tamaki təmsil etdiyi ölkənin hökumətinin birlikdə Urmiya gölünün bərpası üzərində çalışdığını bildirib. O, yaxın vaxtlarda İran xalqına və dövlətinə şad xəbərlər çatdırılacağını bəyan edib”.

Elman Cəfərli diqqətə çatdırıb ki, əslində Urmiya gölünü tam bəpra etmək mümkün olmasa da, göl hövzəsində ekoloji fəlakətin qarşısını almaq, orada yaşayan flora və faunanı qoruyub saxlamaq mümkündür:

“Lakin bunun üçün istək lazımdır. İran hakimiyyətində isə bu istək yoxdur. Onlar əksinə, ekoloji fəlakətin dərinləşməsini və əhalinin regiondan uzaqlaşmasını arzulayır.

Çünki bölgə ilə bağlı strateji planları var. İstər yerli, istərsə də xarici mütəxəssislər bildirir ki, gölü qoruyub saxlamaq mümkündür. Bunun üçün gölə axan çaylar üzərində bənd tikintisini dayandırmaq, Urmiyaya illik su limitini axıtmaq lazımdır. Bunu isə panfarsist hökumət etmək istəmir”.

Həmsöhbətimiz xatırladıb ki, indi İran Prezidenti milliyyətcə azərbaycanlı olan Məsud Pezeşkiandır:

“Ola bilsin ki, Pezeşkian azərbaycanlıların rejimə etimadını artırmaq üçün Urmiya gölü ilə bağlı müəyyən müsbət addımlar atsın”.

Geri qayıt