Əsas Səhifə > Güney Press > Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib?

Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib?


Bu gün, 17:55
Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib?
Bakıda intensiv yağışlar zamanı xeyli sayda vətəndaş zərər gördü. Sığorta şirkətləri su altında qalan maşınlara, ticarət obyektlərinə, evlərə görə ödəniş edibmi?

Ümumiyyətlə, Azərbaycanda əmlak sığortası necədir? Əhalinin neçə faizi evini, maşınını, hətta həyatını sığortalayır?

Globalinfo.az-a danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin sözlərinə görə, vətəndaşlar tərəfindən sığorta şirkətinə müxtəlif müraciətlər olunub.

O, normadan artıq yağan yağış nəticəsində dəymiş zərərin sığorta təminatları haqqında bunları qeyd edib:

“Məlum olduğu kimi, cari ilin 21-22 oktyabr tarixlərində ölkə ərazisində qeydə alınan normadan artıq yağış nəticəsində bir sıra fəsadlar qeydə alınıb. Sözügedən hadisə nəticəsində sığortalanmış daşınmaz və daşınar əmlaklara, o cümlədən avtonəqliyyat vasitələrinə zərər dəyib. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, ümumilikdə 9 sığorta şirkətinə sığortalanmış daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 122 müraciət, sığortalanmış avtonəqliyyat vasitələrinə dəymiş zərərə görə 27 müraciət, sığortalanmış daşınar əmlaklara dəymiş zərərlə bağlı isə cəmi 11 müraciət daxil olub. Hazırda hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur”.

E.Mirsalayev deyib ki, baş vermiş hadisələr üzrə daxil olan müraciətlər daşınmaz əmlaklar üzrə “Daşınmaz əmlakın icbari sığortası”, daşınar əmlaklar üzrə “Əmlakın yanğından və digər risklərdən sığortası”, avtonəqliyyat vasitələri üzrə isə “Kasko” sığorta növləri üzrə tənzimlənir:

“Daşınmaz əmlak sığortaları haqqında: “Daşınmaz əmlakın icbari sığortası” növünə gəldikdə qeyd edə bilərik ki, bu sığorta növü üzrə hadisələr 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu sığorta növü qəzalı vəziyyətdə olan, yarımtikili və ya sökülməsi haqqında rəsmi qərar çıxmış əmlaklar istisna olmaqla, Azərbaycan ərazisində yerləşən bütün daşınmaz əmlaklar üçün məcburidir. Bu növ üzrə sığortalanan əmlaklar iki qrupa bölünür: yaşayış əmlakları, qeyri-yaşayış əmlakları. Yaşayış əmlakları üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakıda yerləşən əmlaklara görə sığorta haqqı 50 manat, sığorta təminatı 25 min manata qədərdir.

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə daşınmaz əmlak sığortası haqqı 40 manat, sığorta təminatı 20 min manata qədərdir. Respublikamızın digər regionlarında yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı isə 15 min manata qədərdir. Qeyri-yaşayış əmlakları üzrə isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, əmlakın təyinatına və həcminə görə müəyyənləşir. Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış cari ilin yanvar-sentyabr aylarını əhatə edən 3-cü rüb üzrə sığorta icmalına görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yığımlar 66.3 milyon manat, sığortalı əmlaklara hesabat dövründə dəymiş zərərlərə görə həyata keçirilmiş ümumi ödəniş məbləği isə 2.3 milyon manat təşkil edib”.

İcraçı direktorun sözlərinə görə, 2023-cü ilin 1 iyun tarixindən daşınmaz əmlakların sığortası ilə bağlı şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirilib:

“Yenə eyni tarixdən İqtisadiyyat Nazirliyi yanın Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya interqasiyası prosesi yekunlaşdı ki, bununla da daşınmaz əmlak sığortaları üzrə nəzarət mexanizmi formalaşdırılmış oldu. Bizdə olan statistikaya əsasən, hazırda respublikamızdakı yaşayış obyektlərinin 10 faizdən bir qədər çoxu, qeyri-yaşayış obyektlərinin isə 30 faizdən bir qədər çoxu icbari qaydada sığortalanıb. Hesab edirik ki, həm baş verən hadisələr, həm də sektor üzrə həyata keçirilən islahatlar fonunda bu sığorta növü üzrə penetrasiya qarşıdakı müddətdə 2-3 dəfəyə yaxın arta bilər”.

E.Mirsalayev həyat sığortaları haqqında danışıb:

“Həyat sığortalarına gəldikdə isə bu sinif sığortalar yüksək həcmli yığımları ilə ümumi bazar üçün həmişə lokomotiv rolunu oynayır. 2024-cü ilin yanvar-sentyabr aylarına olan sığorta icmalına da nəzər salsaq görərik ki, hesabat dövrü ərzində bazar üzrə təmin olunmuş 1 milyard 23 milyon manatlıq ümumi sığorta yığımının 560.1 milyon manatı həyat sığortası sinfinin payına düşür. Xüsusilə qeyd etmək istəyirik ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edildi. Müvafiq qaydalar istehlak krediti götürən şəxslərin həyatının sığortası məhsulunun təminat dairəsini genişləndirdi və məhsula olan əlçatanlıq şərtlərini sadələşdirdi. Hesab edirik ki, artıq istehlakçıların xidmətində olan bu yenilənmiş “Kredit həyat sığortası” məhsulu vətəndaşlarımızın həyat risklərini optimal şərtlərlə təminat altına almaqla yanaşı, ölkəmizdə ümidsiz kredit probleminin tədricən və mərhələli şəkildə aradan qaldırılmasına da təkan verəcək. Bu yeniliyin həmçinin həyat sığortalarına olan ümumi marağın daha da artmasına da səbəb olacağını düşünürük”.

Geri qayıt