Əsas Səhifə > Güney Press > Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq
Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaqBu gün, 14:00 |
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına minimum qiymətin müəyyənləşdirilməsi istiqamətində mühüm addım atılıb. Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna yeni - 29-1-ci maddənin əlavə olunmasını nəzərdə tutan layihə birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışın minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Milli Məclisin deputatı Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, dəyişiklik qəbul edildikdən sonra spirtli içkilər üçün minimum qiyməti müəyyənləşdiriləcək: “Alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır. Qeyd edim ki, bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib. Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və siqaretə 132 milyon manat daha çox pul ayırıb. Yəni içki və tütün məhsullarının xərcinin ailə büdcəsində payı artmaqdadır. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsulların qiymətinin yüksəlməsi ilə bağlı olsa da, tələbin artması da müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır”. 2019-cu ildə spirtli içkilərin istehsalına və satışına dair lisenziyanın ləğv olunduğunu xatırladan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, həmin vaxta qədər ölkədə az sayda araq istehsalçısı vardı. Lisenziya ləğv olunduqdan sonra 50-dən artıq araq istehsalçısı meydana çıxdı: “Yəni lisenziyanın ləğvi araq istehsalçılarının əl-qolunu açdı. Nəticədə onlar bazara hər cür məhsul çıxartmağa başladılar. Qəribəsi budur ki, hər istehsalçı özü üçün qiymət müəyyənləşdirmişdi. Bu da haqlı sual doğururdu ki, nəyə görə eyni xammaldan hazırlanan araqların qiymətində bu qədər fərq var?! Bu mənada araq məhsullarının minimum satış qiymətinin müəyyən edilməsi müsbət hadisədir”. Təklif edilən qaydalarla bağlı narahatlığını bölüşən AİB sədri deyib ki, yeni qayda əsasən istehsalçının hüquqlarını qoruyur. Yenə də istehlakçı hüququ arxa plana keçir: “Məlumdur ki, spirtli içkilər bazarında kifayət qədər aşağı qiymətdə satılan məhsullar var. Hətta “podval”da kustar üsulla hazırlanan içkilərin olması da sirr deyil. Dünənə qədər sexdə və aşağı keyfiyyətdə hazırlanan araqlar istehlakçıya daha aşağı qiymətə təklif edilirdi. Yüksək keyfiyyətli məhsullarsa daha baha qiymətə satılırdı. Yeni qayda qüvvəyə minəndən sonra aşağı və yuxarı keyfiyyətli araqlar demək olar ki, eyni qiymətə təklif olunacaq. Ən pisi də odur ki, arağın qiymətinin minimum həddi daha çox işbazların işinə yarayacaq. Onlar artıq biləcəklər ki, xərcləri nədir, qazancları nədir. Bunun da təbii ki, xoşagəlməz nəticələri olacaq. Keyfiyyətsiz araqlar bazara daha çox ayaq açacaq. Bu mənada yeni qaydalarda istehlakçı hüquqlarından bəhs olunsa da, əslində, bu, daha çox istehsalçıların marağına xidmət edir. İstehlakçı əslində, daha çətin seçim qarşısında qalacaq. Bilməyəcək ki, hansı araq daha keyfiyyətlidir. Təəssüf ki, biz yenə də keyfiyyətin yox, kəmiyyətin ardınca gedirik”. Geri qayıt |