Əsas Səhifə > Güney Press > "Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır"
"Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır"Bu gün, 11:55 |
"Qlobal siyasətdə hər zaman türk və islam ölkələrinə qarşı qərəzli mövqe nümayiş olunub. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən prinsiplərə görə ayrıseçkilik yolverilməz olacaqdı. Lakin bu vədlər sözdə qaldı. Elə yeni dünya düzəni deyib formalaşdırdıqları beynəlxalq qurum və təşlkilatlar daima İslam dünyasına, türk dövlətlərinə qərəzli və aqressiv davranışlar nümayiş etdirdi". Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, xüsusilə Avropa İttifaqına üzv olan dövlətlərin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq: "Əslində bu anlayış Avropa qurum və təşkilatlarının əksəriyyətində öz əksini tapır. Bu qurumlar müsəlman və türk dövlətlərinə, xalqlarına qarşı ikili standartlar tətbiq edərək öz dəyərlərinə zidd qərarlar verirlər.Bəşəriyyətə insani dəyərləri, xüsusilə şəffaf və prinsipial mövqeyini öyrətməyə çalışan Avropa müsəlman və türk məsələsində bütün bu vacib dəyərləri bir kənara qoyub yalan və böhtana əsaslanan təbliğatla hərəkət etməkdən çəkinmir. Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır. Hətta dünya nizamında tənzimləyici təşkilat kimi qlobal məsələlərə ədalətli yanaşaraq beynəlxalq hüququn aliliyini təmin etməli olduğu halda, Avropa İttifaqı və Avropa parlamenti kimi qurumlar son illərdə bəzi qüvvələrin sifarişlərinin icraçısına çevrildiyini sübut edir. Əgər əvvəllər bu qurumlar ədalətə söykənən müstəqil siyasət yürüdürdüsə, indi üzv dövlətlərin təsiri altında qərəzli qərarlar qəbul edərək, onun tapşırıqlarının icraçısı olub". Deputat vurğulayıb ki, artıq İkinci Dünya müharibəsindən sonra qurulan nizam pozulub: "Dünyada baş verən münaqişələrə ədalətli mövqedən yanaşaraq qərarlar qəbul edilməsə, bəşəriyyəti böyük faciələr gözləyir. Bu gün BMT kimi beynəlxalq əhəmiyyətli qurumun qətnamələri icra olunmadan tarixin arxivinə göndərilmiş kağız parçasına çevrilirsə, demək ədalət naminə yaradılmış bu qurumların heç biri işləmir. Bunun ən aşkar nümunəsi BMT TŞ-nın Azərbaycan ərazisi ilə bağlı qəbul olunmuş 4 qətnamənin icra etdirilməməsi oldu. Necə olur ki, torpaqlarımız işğal altında olduğu dövrdə çağırışlarımıza uyğun monitorinq missiyasını regiona göndərmək istəməyən BMT və Aİ İkinci Qarabağ müharibəsindən sonra missiyaçılıq mövqeyini üzərinə belə fədakarcasına götürdü? Heç bir beynəlxalq təşkilatda münaqişələrə münasibətdə dini mənsubiyyətə üstünlük verməməlidir. Hüquq bütün dövlətlərlə münasibətdə ali olmalı və qəbul olunan qərarlar ədalətə söykənməlidir. Məhz belə olan halda dünyada müharibələrə və münaqişələrə son qoyular, humanitar problemlər öz həllini tapacaqdır. Biz sadaladığım problemləri qaldırdıqda isə Avropa İttifaqı və bu qəbildən olan qurumlar insan hüquqları barədə hesabatlar hazırlamağa və bu yalanlarla dolu hesabatları da beynəlxalq mətbuatda tirajlamağa başlayırlar. Mən tam əminliklə deyirəm ki, bu qurumların illik hesabatları daxili işlərinə qarışmaq istədikləri dövlətlərə qarşı açıq-aşkar təhdiddən başqa bir şey deyil". Geri qayıt |