Əsas Səhifə > Güney Press > Qərb Gürcüstandakı nəticələri...

Qərb Gürcüstandakı nəticələri...


Bu gün, 17:06
Qərb Gürcüstandakı nəticələri...
“Bir müddət əvvəl bildirmişdim ki, 26 oktyabr parlament seçkilərinin nəticələrindən asılı olaraq Gürcüstan ya Aİ-yə inteqrasiya prosesinə davam edəcək, ya da Cənubi Qafqazda sülh və regional əməkdaşlığın dərinləşdirilməsinə yönələcək və hətta gələn 3+3 formatlı görüşlərə qatılacaq. İstənilən halda, bu, Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini geri qazanması ilə Avrointeqrasiya kimi gürcü arzuları arasında seçim etmək demək idi. 54,2% ilə hakim “Gürcü Arzusu” partiyasının qalib gəlməsi o deməkdir ki, gürcü xalqı öz suverenlik arzusunu seçdi”...
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, bu sadəcə gələcəkdə mübahisəli ərazi məsələlərinin həllinə bir addım yaxınlaşmaq demək deyil, həm də xarici siyasətin Qərbdən asılılığının azaldılması, daha müstəqil siyasət imkanı deməkdir: “Bilirik ki, Avrointeqrasiya bir çoxları üçün arzu və xəyal kimi görünsə də, onun da öz reallıqları var və bu reallıqda dövlətlər vahid Avropa siyasətindən kənara çıxmaqda çətinlik çəkirlər. Bu siyasət həm də Gürcüstanı gedərək anti-Azərbaycan platformasına doğru aparırdı, ölkəmizə qarşı Qərbin rəngli ideyaları məhz buradan yayılırdı. Gürcüstan məhz Avrointeqrasiya yolu tutduğu üçün və Rusiya ilə mübahisəli məsələlər səbəbilə 3+3 platformasına qatılmayaraq regional əməkdaşlığın tamamlanmasına imkan yaratmırdı. Təsadüfi deyil ki, Gürcüstandakı seçkilərin nəticələrinə ilk reaksiyalardan biri Azərbaycandan oldu və təbrik mesajı ünvanlandı”.

Şəhla Cəlilzadə qeyd edib ki, Qərbin bir çox dövlətləri bu nəticələri tənqid edərək, seçkilərin saxtalaşdırıldığını iddia etməkdədirlər.

“Qəribə bir bəyanat da Gürcüstan Prezidenti Zurabişvilidən gəldi. Prezident eynən belə deyir: “Mən Gürcüstana ona görə gəlməmişdim ki, indi onu Rusiyaya təslim edəm”. Belə çıxır ki, Qərb, bu seçkiləri Gürcüstanın Rusiya təsir dairəsinə girməsi və Avrointeqrasiya prosesinin tam olaraq dayanması olaraq algılayır. Lakin, tərs məntiqlə yanaşsaq, o zaman Aİ-yə üzvlük də Qərbə təslimçilik olaraq dəyərləndirilə bilər. Lakin bu, həqiqətən belədirmi?! Əlbəttə ki, yox. Gürcüstan xalqı azad seçimini etdi və heç kimə təslim olmayaraq, öz milli maraqlarını qoruyacaq formada seçim etdi və buna görə onlara təbrik düşür”-deyə Şəhla Cəlilzadə bildirib.

Geri qayıt