Əsas Səhifə > Güney Press > Dərmanları ucuz ala bilərik:

Dərmanları ucuz ala bilərik:


Bu gün, 18:56
Dərmanları ucuz ala bilərik:
Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib.

Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.

Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, ölkədə dərman preparatlarının qiymətinin baha olması uzun müddətdir müzakirə mövzusudur. Bu istiqamətdə müvafiq dövlət qurumları bir sıra təkliflərlə çıxış etsə də, hələ ki, bu sahədə elə bir irəliləyiş müşahidə edilmir. Məsələn, qonşu Türkiyədə 5 manata olan elə dərman var ki, hazırda Azərbaycanda 20 manata satılır. Bəzi dərman preparatları ƏDV-dən azad olunarsa, bu, dərmanların qiymətinin ucuzlaşmasına gətirib çıxara bilərmi?

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, illərdir bu məsələ gündəmə gətirilir, ƏDV-dən yalnız bəzi dərmanlar azad edilməməlidir:

“Azərbaycanda dərman istehsalı yoxdursa, 96 faiz xaricdən asılıyıqsa, bu, bütün dərman preparatlarına aid edilməlidir. Buna sosial məsələ kimi baxılmalıdır. Ona görə də bəzi dərmanların yox, bütün dərmanların əlavə dəyər vergisini, məsələn, 2 faizə salmaq olar. Hesabatlılıq aparılması, qeyri-qanuni vergidən yayınma halları olmasın deyə 18 faiz yox, 2 faiz bəs edir. Bu da bütün dərman preparatlarına aid edilsə, kifayət qədər bazara təsir edə bilər. Qiymətlərin 10-15 faiz ucuzlaşmasına səbəb olar". Ekspertin fikrincə, bu, atılacaq addımlardan biridir:

"Azərbaycanda dərman preparatlarının qiymətlərinin bu qədər narazılıq yaratmasının əsas səbəbkarı Tarif Şurasıdır. Belə ki, Tarif Şurası dərmanların qiymətlərini tənzimləməyə başlayan gündən qiymətlər bahalaşmaqda davam edir. Çünki tənzimləmə mexanizmi kökündən yanlışdır. Kiçik şirkətlərin sıxışdırb bazardan çıxarılmasına, bazarda bir neçə böyük şirkətin maraqlarına xidmət elədi. Onlar da artıq bazarın böyük bir hissəsinə nəzarət etdikləri üçün inhisarçı durumundadırlar və qiyməti diqtə edə bilirlər.

Ona görə də Tarif Şurasının məntiqsiz tənzimləmə mexanizmi də ləğv edilməlidir. Əvvəlki özünürənzimləmə mexanizmi daha uğurlu idi. İndi nəticə etibarilə Tarif Şurasının istehsalçı ölkəyə görə tənzimləmə mexanizmi ölkəyə keyfiyyətsiz, ucuz, ancaq ölkə daixlində baha satılan dərmanların gətirilməsinə səbəb oldu. Ona görə də ƏDV güzəştləri ilə yanaşı, Tarif Şurasının tənzimləmə mexanizmi kökündən ləğv edilməlidir. Bunun yerinə dövlətin sosial sığorta tənzimləməsi işə düşməlidir. Biz bu gün icbari tibbi sığortadan istifadə edirik.

Daha doğrusu, vəsait ödəyirik. Ancaq onun geri dönüşünü çox az görürük. Sosial məsələ olduğuna görə İTS-nın bir hissəsini əhaliyə dərman qiymətlərində güzəştlər şəklində geri qaytarılması mümkündür. Çox qəribə stiuasiya yaranıb. İTS ilə məşğul olan dövlət qurumları bəzən fəxrlə deyirlər ki, quruma daxil olan vəsaitə qənaət ediblər, xərcləməyiblər. Sığortanı xərcləmək üçün toplayırlar da, yığmaq üçün toplamırlar. Deməli, dərman preparatlarına güzəştlər şəklində İTS-ya toplanan vəsaitin bir hissəsi vətəndaşlara geri dönə bilər və bunun mexanizmi o qədər də çətin deyil”.

Geri qayıt