Əsas Səhifə > Güney Press > “Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq”

“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq”


Bu gün, 12:30
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq”
“BRİCS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar gələcək birgə fəaliyyətlər üçün zəmin ola bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan deyib. Azərbaycan və Ermənistan liderlərinin Kazandakı görüşünü şərh edən Verdyan, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu deyib.

“Sanki bu sözləri təsdiqləmək üçün sözügedən BRİCS görüşünün ertəsi günü Ermənistan və Azərbaycan arasında delimitasiya ilə bağlı sənəd hər iki ölkənin prezidentləri tərəfində təsdiqləndi. Baş nazir Paşinyanın Ermənistanın regional inkişafı kontekstində COP29 Sammitində iştirakın yaxşı ideya ola biləcəyi ilə bağlı sonrakı bəyanatlarını da əlavə etsək, o zaman belə qənaətə gələ bilərik ki, sülh prosesi getdikcə sürətlə davam edir”, - deyə İ.Verdyan bildirib.

“COP29-dan şad xəbərlər gələcək”

Erməni bloger hesab edir ki, münasibətlərin normallaşması üçün Bakıda keçiriləcək COP tədbiri böyük fürsətlər yarada bilər:

“İqlim Konfransı çərçivəsində tərəflərin fundamental razılığa gəlməsi ehtimalı yüksəkdir. Aydındır ki, qarşılıqlı başa düşülən və məqbul kompromislər sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək. Artıq COP29-da sülh müqaviləsinin imzalanacağı ilə bağlı fərziyyələr var. Amma saziş imzalanmasa da, əminəm ki, Nikol Paşinyan Bakıdan xoş xəbərlər gətirəcək”.

“Vasitəçilərsiz danışıqlar daha effektivdir”

İki ölkə arasında sülhə əngəl yaradan ölkələrin olduğunu deyə İşxan Verdyan, Bakı və İrəvanın vasitəçi olmadan sülh müqaviləsini imzalamalı olduğunu deyib:

“Ölkələrimiz artıq sübut ediblər ki, vasitəçilərsiz ikitərəfli ünsiyyət formatı hətta ən “demokratik” reputasiyaya malik vasitəçilərin cəlb edilməsindən qat-qat effektiv ola bilər. ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilərin 30 illik fəaliyyəti 2020-ci il müharibəsinə gətirib çıxardı.

Ermənistan-Azərbaycan münaqişəsi açıq şəkildə göstərdi ki, müasir reallıqda vasitəçilər güzəştə gedən institutdur və onların köməyinə müraciət etmək, onlara ölkə siyasətinin incəliklərini həvalə etmək deməkdir. Ona görə də mən inanıram ki, bundan sonra Ermənistanla Azərbaycan arasında vasitəçilər olmayacaq”, - deyə İ. Verdyan əlavə edib.

Geri qayıt