Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallıda məhkəmə hakiminin özbaşınalığı

Masallıda məhkəmə hakiminin özbaşınalığı


9-04-2014, 16:02
Masallıda məhkəmə hakiminin özbaşınalığı
Son vaxtlar vətəndaşların redaksiyamıza ünvanladıqları şikayət ərizələrində bəzi məhkəmə hakimlərinin fəaliyyətindən doğan narazılıqlar da tez-tez öz əksini tapır. Belə ərizələrdə iddia olunur ki, məhz müxtəlif instansiya məhkəmə hakimlərinin ədalətsiz və qərəzli qətnamələri nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının sayı azalmaq bilmir. Bu vəziyyət isə ölkənin Ədliyyə sistemində həyata keçirilən islahatların, həmçinin antikorrupsiya tədbirlərinin hələ də istənilən nəticə verməməsi anlamına gəlir. Biz dəfələrlə qeyd etmişik ki, ölkənin ədliyyə sisteminin normal fəaliyyəti vətəndaşların həm hüquqlarının, həm də məsuliyyətlərinin təmnatını həyata keçirməklə asayişi mühafizə edir. Təbii ki, ədliyyə müəssisələrinin normal fəaliyyəti ilk növbədə ölkə qanunlarına və ədalət prinsiplərinə ciddi əməl olunmaqla həyata keçirilməlidr. Bu günümüzün reallıqlarından biri də budur ki, artıq məhkəmələr və müxtəlif xarakterli məhkəmə prosesləri ictimai həyatımızın bir hissədir. Ən müxtəlif instansiya məhkəmələrində araşdırılan işlər mütəmadi olaraq bu və ya digər baxımdan müəyyən maraq kəsb edərək ictimai müzakirəyə təqdim olunur. Bax elə bu məqam da artıq konkret şəxslərin - məhkəmə sədrlərinin, hakimlərin, dövlət ittihamçıları və vəkillərin fəaliyyətini qabarıq formada nümayiş etdirir. Buna görə də bir çox hallarda ictimai müzakirələrin mövzusu elə bu fəaliyyətlə bağlı olur. Təəssüflər olsun ki, redaksiyamıza ünvanlanan məktub və müraciətlərin əksəriyyəti məhz şikayət xarakterli olmaqla əsasən ədliyyə sahəsində yer almış neqativ təzahürləri əks etdirirlər.Redaksiyamıza yeni daxil olan məlumatlarda isə Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovun fəaliyyətinə qarşı ciddi iradlar irəli sürülür. Bu xüsusda rayondan aldığımız şikayət məktublarında qeyd olunur ki, Anar Alməmmədovun yol verdiyi vəzifədən sui-istifadə halları nəinki sadə vətəndaşları, həmçinin digər hüquq-mühafizə orqan əməkdaşlarını da ciddi şəkildə narahat etməkdədir. Hətta məlumatlarda bildirilir ki, öz işində yol verdiyi nöqsanlar səbəbindən bu hakim Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi ilə də münasibətlərində ziddiyyətlərin yaranmasına əsas vermişdir.Digər tərəfdən isə A.Alməmmədovun qardaşının da hazırda axtarışda olması, bu ziddiyyətlərin getdikcə daha da dərinləşməsinə xidmət edir. Bu barədə hələ ötən ilin ortalarında ölkə mətbuatında yayımlanan məlumatlarda da bildirilirdi ki, "Repair House" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Baş Prokurorluqdan KİV-ə verilən məlumata görə, müəyyən edilmişdi ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər üzvləri ilə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinlərinin mənzillərinin təmiri ilə bağlı müxtəlif tarixlərdə müqavilələr bağlayıb, lakin faktiki olaraq həmin mənzillərdə təmir işləri aparılmayıb, bununla da vətəndaşlara ümumilikdə 113 min manat məbləğində ziyan vurulub. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdı. Lakin aldığımız məlumatlara görə vəziyyətin gərgin duruma gəldiyini görən şirkət rəhbəri ölkədən qaçıb.Yeri gəlmişkən bəzi mənbələr iddia edirlər ki, Anar Alməmmədovun son vaxtlar internet əlaqə vasitələrinə göstərdiyi hədsiz maraq da, məhz qardaşı ilə təhlükəsiz ünsiyyət yaratmaq cəhdləri ilə izah olunur. Bununla belə hakimin bu yeni məşğuliyyətini tam başqa səbəblərlə izah etməyə çalışan mənbələr də yox deyil. Belə ki, bəziləri Anar Alməmmədovun bu həvəsini onun yeni tanışlıqlar arzusu ilə izah etməyə çalışırlar. Bildirilir ki, hakim internet istifadəçisi kimi daha çox tanışlıq çatlarının xidmətlərindən yararlanır.

Geri qayıt