Əsas Səhifə > Güney Press > Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy?

Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy?


Bu gün, 00:05
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy?
Ukraynada 2014-cü ildə başlayan müharibə hər il daha mürəkkəb xarakter alır.

Şimali Koreyanın (KXDR) Rusiya tərəfində Ukrayna müharibəsində iştirakına dair son məlumatlar münaqişənin potensial eskalasiyası ilə bağlı çoxsaylı suallar yaradır. NATO-nun Baş katibi Mark Rutte belə bir addımın ciddi nəticələri barədə xəbərdarlıq edərək, bunun regional və beynəlxalq səviyyədə narahatlıq doğurduğunu bildirib.

"Şimali Koreya Rusiya tərəfində döyüşmək üçün Ukraynaya qoşun yeridərsə, bu, münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq”,- NATO-nun Baş katibi bildirib.

NATO-ya üzv ölkələr Şimali Koreyanın Rusiya Federasiyasına qoşun göndərdiyini təsdiqləyib. Bunu Alyansın spikeri Farah Dahlallah deyib. Onun sözlərinə görə, Alyans üzvlərinin əlində Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsinə dair sübutlar var.

"Əgər bu qoşunlar Ukraynada döyüşmək məcburiyyətində qalarsa, bu, Şimali Koreyanın Rusiyanın qeyri-qanuni müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artması və Rusiyanın cəbhə xəttində itkilərinin əhəmiyyətli şəkildə artmasına səbəb olacaq", - deyə o bildirib.

Cənubi Koreya Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, 11 minə yaxın Şimali Koreya əsgəri Ukrayna cəbhəsinə göndərilmək məqsədi ilə Rusiyanın şərqində hərbi təlim keçir. Bu, KXDR-in Rusiyanın Ukrayna istiqamətində səylərini dəstəkləməkdə fəal iştirakını göstərir. Ukrayna tərəfi Uzaq Şərqdəki Sergeevski poliqonunda Şimali Koreya əsgərlərinin olduğu iddia edən video yayımlayıb. Məlumata görə, Şimali Koreya artıq öz ordusunu Ukraynanın işğal olunmuş ərazilərinə göndərməyə başlayıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 17-də Avropa Şurasının iclasında iştirakından sonra Brüsseldə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, ümumilikdə KXDR Ukraynaya qarşı müharibədə iştirak etmək üçün ordunun müxtəlif qollarından 10 min əsgər göndərməyi planlaşdırır:

“Yəni onlar bütöv bir briqada yaratmaq istəyirlər”.

Şimali Koreyanın Rusiyaya dəstək vermək üçün Ukraynaya nizami qoşunlar göndərə biləcəyini oktyabrın 8-də parlamentdə çıxış edən Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-Hyun da bəyan edib.

Zelenski dəfələrlə Rusiya və Şimali Koreya arasında hərbi ittifaq olduğunu elan edib. O hesab edir ki, bu şəraitdə “böyük müharibə”nin qarşısını almaq üçün Ukrayna ilə onun müttəfiqləri arasında münasibətləri inkişaf etdirmək lazımdır.

İyul ayında ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatlarının olmadığını bildirib.

Baş Kəşfiyyat İdarəsinin adı çəkilməyən nümayəndəsinin sözlərinə görə, Rusiya ordusunda digərləri ilə yanaşı, KXDR vətəndaşlarından da ibarət “xüsusi Buryat batalyonu” yaradılıb. Həmin anonim mənbəyə görə, 18 Şimali Koreya əsgəri artıq Rusiyanın Bryansk və Kursk vilayətləri ilə Ukrayna sərhədindəki mövqelərdən qaçıb. Bu arada, Ukrayna ərazisində yerləşən Şimali Koreya hərbçilərinin sayı ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.

2 min dollara görə ölənlər

Oktyabrın əvvəlində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində KXDR hərbçiləri sursatların vəziyyətini izləyirlər. Onun sözlərinə görə, onlar yükləri müşayiət edir və Rusiya ordusunun döyüş sursatlarından istifadəsinə nəzarət edirlər. Ukrayna mətbuatının Baş Kəşfiyyat İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, KXDR hərbçiləri arasında artıq ilk itkilər var.

Oktyabrın 3-də Donetsk yaxınlığında Ukrayna Silahlı Qüvvələri raket zərbəsi ilə 20-dən çox hərbçini öldürüb, onların arasında Şimali Koreyadan olan altı zabit də var. Məlumata görə, Şimali Koreya hərbçiləri arasında artıq fərarilik halları qeydə alınıb ki, bu da əhval-ruhiyyənin aşağı olmasından və döyüş hazırlığının olmamasından xəbər verə bilər. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiya Şimali Koreyaya ayda adambaşına 2000 dollar ödəyəcək.

“Əgər onların sayı 300 minə çatsa...”

Şimali Koreya hərbçilərinin Rusiya ordusundakı rolundan “Cümhuriyət”-ə danışan ukraynalı hərbi ekspert Pavel Lakiyçuk bildirib ki, İranın «Şahid» (“Shahed”) pilotsuz uçan aparatları , onların təxmini sayı, Rusiya ordusunda istifadəsi, hücumların intensivliyi və istiqamətləri, hədəfləri haqqında məlumat var:

“Bu məlumatlar əsasında onların müharibə gedişatına olan təsirini qiymətləndirmək mümkündür. Amma Şimali Koreyanın Rusiya ərazisindəki hərbçiləri haqqında onu bilirik ki, sayları təxminən 10-12 mindir. Onların general Gerasimov tərəfindən necə istifadə ediləcəyi, hansı istiqamətlərə göndəriləcəyi və hansı rol oynayacaqları hələ məlum deyil.

Buna görə də yalnız bir nəticəyə gələ bilərik ki, koreyalılar Ukraynada haraya göndərmələrindən asılı olmayaraq Rusiya işğalçı qüvvələrini canlı qüvvə ilə gücləndirə bilərlər. İndiki halda onlar Pokrovska və ya Volçanska hücuma, ya da Kursk vilayətini geri almaq üçün rus desantçıları və dəniz piyadaları ilə birlikdə göndərilə bilərlər. Həmçinin, rus bölmələrinin yerini əvəz edə bilərlər, məsələn, bu, Rusiya-Çin və ya Rusiya-Qazaxıstan sərhədində ola bilər.

On min əsgər rus ordusunun aylıq itkilərini əvəz etmək üçün lazım olan şəxsi heyət sayıdır. Yəni, 10 min koreyalı bir ay ərzində mobilizasiya və rekrutingi kompensasiya edə bilər.

Otuz min koreyalı artıq üç aylıq bir üstünlük deməkdir. Əgər onların sayı 300 minə çatsa, bu, Putinə qış və yaz aylarında yeni "qismən mobilizasiya" keçirmədən müharibəni davam etdirməyə imkan verəcək. Eyni zamanda, strateji dönüş üçün operativ ehtiyatlar yaratmağa imkan tanıyacaq. Bu təhlükəlidir. Ancaq bunlar proqnozlardır. Həqiqətdə hələ iki-üç Koreya briqadası var ki, bu da strateji ölçüdə müharibə gedişatına təsir göstərə biləcək bir say deyil".

O xatırladıb ki, iyunun 19-da Vladimir Putin və Kim Çen In arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

Müqavilədəki məxfi bənd

"Wall Street Journal"-ın məlumatına görə, bu müqavilədə minlərlə Şimali Koreya əsgərinin Ukraynaya göndərilməsini nəzərdə tutan məxfi bənd var idi. Bu barədə nəşrə razılaşmanın təfərrüatlarından xəbərdar olan keçmiş rusiyalı kəşfiyyatçı bildirib. O əlavə edib ki, Şimali Koreya Rusiyaya qoşun göndərməkdə davam edəcək. Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri hazırda cəbhə xəttindən təhlükəsiz məsafədədir, onlara logistika, taktika və cəbhə xəttində pilotsuz təyyarələrdən istifadə üzrə təlimlər keçilir.

İsrailli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru Yuri Böçarov “Cümhuriyət”-ə bildirib ki, hazırda Şimali Koreya piyadalarının Rusiyaya kömək üçün cəbhəyə göndərilməsi ilə bağlı çağırışların əsasən Cənubi Koreya hakimiyyətinə təzyiq məqsədini güdür. Yəni, müzakirə xarakterli təbliğat kampaniyasıdır.
Boçarov qeyd edib ki, Cənubi Koreya zamanında humanitar məsələlərdə Ukraynaya kömək etməyə hazır olduğunu bildirib və Polşaya öz haubitsalarından "hədiyyə" göndərir. Polşa isə bunun əvəzində öz köhnə sovet silahlarını Ukraynaya verir:

"Hazırda Cənubi Koreya NATO standartlarına uyğun artilleriya mərmilərinin böyük ehtiyatına malikdir. Bu da Ukraynaya cəbhədə əhəmiyyətli dərəcədə kömək edə bilər. Şimali Koreyanın Ukrayna cəbhəsindəki birbaşa iştirakı ilə bağlı bütün bu xəbərlər Cənubi Koreyanın yalnız humanitar yardım qərarını ləğv etməsi və Ukraynaya real hərbi yardım göndərməsi üçün təşviq kimi qiymətləndirilir".

Könüllülər məsələsinə gəldikdə, ekspert qeyd edib ki, təkcə Amerikadan iki min könüllü var. Onun sözlərinə görə, hazırda Rusiya ilə mübarizə aparan bütün

Ukrayna hərbi hissələrində artıq təkcə "şans əsgərləri" deyil, tam döyüş qrupları var:

“Buraya tank ekipajları, zirehli transporterlərlə birlikdə dəstək qrupları, raket kompleksləri, hava hücumundan müdafiə sistemlərini dəstəkləyən qruplar da mövcuddur ki, bu da logistika və döyüş aparmağı əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Eyni zamanda, təxminən iki min kilometr uzunluğunda cəbhədə hər iki tərəfdən təxminən yarım milyon əsgər döyüşür. Buna görə də əgər Şimali Koreya döyüşə 10 min nəfərə qədər könüllü göndərsə, bu, açıq döyüş dinamikasına və strategiyasına heç bir təsir etməyəcək. Sadəcə cəbhənin ayrı-ayrı sahələrində bir neçə briqada irəliləyərkən taktik vəzifələri həll edə bilər.

Lakin indiki şəraitdə belə bir sayda könüllünü hətta müntəzəm ordu tərkibində döyüşə daxil etmək qeyri-mümkündür. Burada dərhal logistika və digər qoşun növləri ilə əlaqə məsələləri yaranacaq. Həm də heç kim bu qədər əsgəri Rusiyanın bütün ərazisindən keçirməyin prosedurunu dəqiq təsəvvür etmir. Bu, ən azı bir ay çəkəcək”.

Sadəcə səs-küy...

Ekspertin fikrincə, Şimali Koreya piyadaları ilə bağlı bütün bu səs-küy, NATO müttəfiqlərinə təzyiq etmək məqsədini güdən informasiya müharibəsinin bir mərhələsidir:

“Şimali Koreyadan gələn təhlükədən xəbərdar olan Seul hakimiyyəti Pxenyanla Moskva arasında hərbi əməkdaşlığa cavab olaraq tədbirlər görməyə hazır olduğunu bildirib. Cənubi Koreya Milli Təhlükəsizlik Müşavirinin birinci müavini Kim Tae-Hyo qeyd edib ki, Ukraynaya silah göndərilməsi nəzərdən keçirilir.

Hökumət Şimali Koreya qoşunlarının dərhal çıxarılmasını tələb edir və əgər Şimali Koreya ilə Rusiya arasında mövcud hərbi sövdələşmə davam edərsə, buna dözməyəcəyini deyir. İnsan haqlarına məhəl qoymadan nüvə və raket istehsalını davam etdirən Şimali Koreya rejimi heç bir əsas olmadan gənc Şimali koreyalıları döyüş meydanlarına göndərir ki, bu da cinayətdir.

Şimali Koreya ordusunun Rusiyada olması BMT Təhlükəsizlik Şurasının KXDR ilə hər hansı hərbi əməkdaşlığı qadağan edən qətnamələrinin birbaşa pozulmasıdır”.

"Cebheinfo.az"
Geri qayıt