Əsas Səhifə > Güney Press > Legitimliyini itirmək yolunda növbəti addım

Legitimliyini itirmək yolunda növbəti addım


Bu gün, 17:52
Legitimliyini itirmək yolunda növbəti addım
AXCP -də istefalar davam edir.

Partiya rəhbərliyində təmsil olunan, əslində AXCP-nin az sayda tanınmış simaları bir-birinin ardınca istefa verir.

İstefa qərarını hələlik son açıqlayan Ali Məclisin sədri Nurəddin Məmmədli oldu. Ardınca başqalarının gələcəyi gözlənilir, partiya kluarlarında bu barədə çoxdan danışılır, istefa növbəsinin gənclərə çatacağı deyilir. O gənclərə ki, Əli Kərimlinin xüsusilə sosial şəbəkələrdə "vuran əli" olub.

Sədrin hər tapşırığını sözsüz, mühakiməsiz icra edən, sosial şəbəkələrdə söyüş, təhqir müxalifəti kimi tanınan bu qrup arasında da ciddi şəkildə narazılıq artmağa başlayıb. Proseslərin inkişafı göstərir ki, Əli Kərimli min bir vədlə partiyaya cəlb edərək, istismar etdiyi o gəncləri də itirəcək. Artıq sosial şəbəkələrdə bununla bağlı müxtəlif məlumatlar yayılır.

Onsuz da partiyanın ən tanınmış, nüfuzlu simalarını çoxdan itirən, yanlış siyasəti, öz maraqları ilə onları AXCP-dən pərən-pərən salan Əli Kərimli bu dəfə də gedənlər üçün bir bəhanə tapacaq. Ancaq onun bəhanələrinə, iddialarına bu dəfə də inanan olmayacaq. Bunun səbəbi isə ictimaiyyətin Əli Kərimliinin özünə və sözünə olan inamını çoxdan itirməsidir. Öz sözləri, hərəkətləri, ancaq və ancaq öz maraqlarının təmininə yönələn davranışı ilə...

“Əli Kərimli üçün müqəddəs heç nə yoxdur” ifadəsini dəfələrlə yazmışıq.

Siyasəti şəxsi məqsədlərinə çatmaq üçün vasitə kimi seçən Əli Kərimlinin ən son düşündüyü xalq, dövlət və ölkədir. Buna görə də lazım gələrsə, bir göz qırpımında illərlə yanında olan, bütün məhrumiyyətlərə dözən üzvlərini itirmək onun üçün heç nə ifadə etmir. Amma bununla həm də partiyanın siyasi müstəvidən tədricən silinməsinə şərait yaradır.

Bir birinin ardınca seçkiləri boykot edən Əli Kərimlinin siyasi isterikası artıq AXCP-nin legitimliyini də şübhə altında qoyub.

Seçkiləri boykot edən, üzvlərinə səsvermədə iştirak etmək qadağası qoyan sədr

Bir partiya əgər seçkidə iştirak etməyəcəksə, onun fəaliyyətinin məqsədi nədir?

Təbii ki, artıq bu sualı başqaları yox, Əli Kərimlinin öz partiyadaşları verməyə başlayıb. Rəyasət Heyətinin üzvü Asif Yusifli istefasının səbəbini xroniki boykot olaraq göstərdi. Haqlı və məntiqli mövqedir. Boykot artıq Əli Kərimli üçün xroniki olub və bütün seçkilərdə eyni hal təkrarlanır. Məntiq də bunu göstərir ki, partiyanın fəaliyyəti ancaq onun özünün şəxsi eqosunu təmin etməkdir.

AXCP-nin bu duruma düşəcəyini, bir şəxsin monopoliyasında siyasi dərnək olacağının əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Əli Kərimlini yaxından tanıyanlar, onun şəxsi maraqlarını bilənlər dəfələrlə bu fikri deyib və indi də təkrarlayırlar.

Zaman keçdikcə, bu fikirlər təsdiqləndi. Əli Kərimlinin uğursuz siyasi taktikaları və partiyanı siyasi arenadan silməyə yönəlik fəaliyyəti bəhrəsini verir. İndi artıq ortada AXCP adlı siyasi partiyanın ancaq adı qalıb. Getdikcə bu ad da silinəcək və Əli Kərimli öz eqoları ilə təkbətək qalacaq.

Artıq bunu partiyanın bütün rayon təşkilatlarında yaxşı bilirlər.

“Cebheinfo.az”
Geri qayıt