Əsas Səhifə > Güney Press / Ana xəbər > Sahibi həbs olunmuş AMAY-ın satıcıları nə edəcəklərini bilmirlər
Sahibi həbs olunmuş AMAY-ın satıcıları nə edəcəklərini bilmirlər9-04-2014, 15:03 |
|
Bakının Xətai rayonunda yerləşən AMAY ticarət mərkəzinin köçürülməsi ilə bağlı mətbuatda yayılan informasiyaları mərkəzin satıcıları təkzib etdilər. Bu gün Hafta.az-ın əməkdaşı adıçəkilən ticarət mərkəzində oldu. Mərkəzin rəhbəri Abdulla Abdullayevin həbsindən sonra mətbuatda yayıldı ki, AMAY-dakı mağazalar, “Sədərək” ticarət mərkəzinə köçürüləcək. Sitat: Aprelin 5-də Bakının ən böyük ticarət mərkəzi sayılan AMAY-dakı mağazaların bəziləri boşaldılıb. Mağazaların boşaldılması ilə bağlı qərar aprelin 4-də AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra verilib. Ticarət mərkəzində çalışanlar bildiriblər ki, onlara şifahi şəkildə 3 iş günü müddətində mağazaların boşaldılmasını tapşırıblar. Lakin satıcı Famil yazılanları şayiə adlandıraraq bildirdi ki, göründüyü kimi mağazalar fəaliyyətdədir: “Çoxları gəlib burada işləməyən mağazaların şəkilini çəkib internetdə yayıblar ki, guya mərkəz başqa yerə köçürülür. Bura hələ müştərilər yenicə alışmağa başlayırlar. Ticarət mərkəzində gün-gündən müştərilərin sayı artır. Heç şəxsən mənə mağazanı köçürməyim barəsində bir söz deməyib”. İstifadəsiz mağazalara gəlincə satıcı bildirir ki, bu mağazalar heç də xüsusi göstəriş əsasında köçürülməyib: “Sadəcə olaraq, mağaza sahibləri müştəri azlığından şikayətləndikləri üçün başqa yerdə icarə yer götürərək, ora daşınıblar. Onlar arasında “Sədərək”ə gedənlər də olub, başqa ticarət mərkəzlərinə də. Bura açılan gündən müştərilərin sayı az olub. İndi də bu belədir. İnsanlar daha çox alış-veriş üçün axşam 18:00-dan sonra buraya üz tuturlar”. Digər satıcı Fazil də yoldaşının sözlərini təsdiqləyərək bildirdi ki, yayılan məlumatlar yanlışdır: “Bəlkə də kimlərəsə köçmək barəsində nə isə deyiblər. Ancaq mən bu barədə heç kimdən bir söz eşitməmişəm. Buradakı mağazalar göründüyü kimi, içərisində mal olduğu halda sadəcə qapısı bağlıdır. Onların da sahibləri alver axşam saatlarında olduğu üçün günün ikinci yarısından mağazaları açırlar. Ümumiyyətlə, bura açılan gündən belədir. Digər köçənlərə gəlincə onlar arasında rəhbərliklə aralarında problemi olan da olub, şəxsi istəklərinə görə buradan köçənlər də var. Ailənin başçısı tutulubsa, o demək deyil ki, hamını viran qoyalar. Rəhbərliyin problemlərinin satıcılara qismən aidiyyəti var”. Yeni rəhbərin kimliyi barəsində isə satıcılar məlumatsız olduqlarını bildirdilər. Bu barədə sorğularımızın konkret nəticəsi olmadı. Rəhbərlikdən kiminləsə görüşmək üçün mərkəzin yuxarı mərtəbələrinə qalxdıq. Yuxarıda isə xadimələrdən başqa kiməsə rast gələ bilmədik. Otaqların qapısı bağlı idi. Qeyd edək ki, ticarət mərkəzində satılan malların qiymətində 80 faizə qədər endirimlər var. Satıcılar bu endirimləri mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, endirimdə olan malların çoxu yaz-yay mövsümünün geyimləri idi. Belə də demək olar ki, malları dəyər-dəyməzinə satmağa çalışırlar. Ümumilikdə mərkəzdə mağazaların əksəriyyəti bağlı idi. İşləyən mağazalarda isə satıcılar bir küncdə oturub televizora baxırdılar. AMAY-da olduğumuz müddətdə təxminən 5-6 müştəriyə rast gəldik ki, onlar da konkret satıcıları axtarırdılar. Yəni mərkəzdə hər satıcının öz müştərisi var ki, onlar da bir-biriləri ilə telefon vasitəsilə əlaqə saxlayırlar. Müştəri zəng etməyibsə, satıcıların əksəriyyəti mağazalarını günün ikinci yarısından sonra açırlar. Satıcılar özləri də təsdiqlədilər ki, burada konkret iş vaxtı yoxdur. Kimin kefinə nə vaxt düşdü, mağazanı açır, bağlayır. Qəribəsi budur ki, geniş ərazini tutan və tikintisinə kifayət qədər böyük məbləğdə yatırım edilən bina sadəcə olaraq, bir neçə mağaza üçün ayrılıb. Onlar da satıcıların dedikləri kimi öz keflərinə uyğun işləyirlər. Geri qayıt |